Türkiyənin İzmir şəhərində “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda ikinci beynəlxalq konfrans keçirilib.
Üç günlük elmi forum bu ölkənin Ege Universiteti, Özbəkistanın Andijan Dövlət Universiteti və Bakı Dövlət Universiteti tərəfindən birgə təşkil olunub.
Konfrans Avrasiya məkanında ətraf mühitə mənfi təsirlər nəticəsində insan həyatı üçün problem yaradan ekoloji məsələlərə və onların həlli yönündə qlobal prioritetlərə həsr edilib.
Ege Universitetində baş tutan elmi görüş Türk dövlətləri alimlərinin vahid platformada sağlam gələcək naminə tərəfdaşlıq və birgə faydalı fəaliyyətin nümunələrindən olub.
Konfransda ölkəmizin müxtəlif ali təhsil və elmi tədqiqat müəssisələrindən olan alim-bioloqlar da hibrid formatda qatılıb və məruzələrlə çıxış ediblər. Onların sırasında Elm və Təhsil Nazirliyinin Gəncə Nəbatat Bağının Bitki ehtiyatı şöbəsinin müdiri, professor Aynur Bayramova və həmin qurumun Biomühəndislik, biotexnologiya və geobotanika şöbəsinin müdiri Ramidə Quliyevanın “Qarabağın bioloji müxtəlifliyi və müasir perspektivləri” mövzusundakı birgə məruzəsi böyük maraq doğurub.
Ümumən Azərbaycan alimlərinin 70 məruzəsi konfransın materialları toplusuna daxil edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.