İqlim dəyişikliyinə ən həssas təbii sistemlərdən biri olan dağ kriosferinə bu dəyişikliyin mənfi təsirləri buzlaqların geri çəkilməsi, daimi donuşluq ərazilərinin azalması, buz kütləsinin itirilməsi və qar örtüyünün azalmasına səbəb olur ki, bu da dünyamızda böyük narahatlıq doğurmaya bilməz.
Bununla əlaqədar Gürcüstanda Qafqaz dağlarında şirin su mənbəyi hesab olunan qar və buz örtüyünün azalmasına uyğun olaraq kritik vəziyyətə adaptasiya ilə bağlı görüş keçirilib. Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktorları - böyük elmi işçi Natəvan Cəfərova və aparıcı elmi işçi Samirə Abuşova həmin tədbirin iştirakçıları olublar.
N.Cəfərova görüş zamanı “Azərbaycanda iqlim dəyişikliyinin qar və buz örtüyünə təsirləri: qiymətləndirmə, uyğunlaşma və siyasi müdaxilələr” mövzusunda məruzə edərək respublikamızda baş verən iqlim dəyişikliklərinin buz örtüyünə mənfi təsirlərindən, baş verə biləcək fəlakətlərdən, eləcə də buna qarşı görülən tədbirlərdən, Milli Adaptasiya Planından bəhs edib.
S.Abuşova Qafqazda qar və buzlaq sahələrinin dəyişikliklərini və təhlükələri izləmək, qiymətləndirmək üçün milli və regional potensial, erkən xəbərdarlıq sistemləri, risklərin azaldılması tədbirləri, yerli davamlılığın qurulması, dəyişən kriosfer kontekstində su ehtiyatlarının qorunması, eləcə də buna uyğunlaşma planları və siyasətləri haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Mütəxəssislər, həmçinin görüşün yekun qərarının hazırlanmasında və Birləşmiş Millətlərin Ətraf mühitinin Proqram nümayəndələrinə təqdim olunmasında iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.