Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.09.2024 17:26
  • A-
  • A
  • A+

“Kafkaslardakı Kıyım ve Sürgünler” kitabının təqdimatı olub

“Kafkaslardakı Kıyım ve Sürgünler” kitabının təqdimatı olub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Sevil Abbasoğlu İrəvanlının “Kafkaslardakı Kıyım ve Sürgünler” (Qərbi Azərbaycanda rus və ermənilərin törətdiyi soyqırım) kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru akademik Rafael Hüseynov açaraq kitabın məziyyətləri haqqında danışıb, nəşrdə Azərbaycan tarixi üçün önəmli məqamların işıqlandırıldığını diqqətə çatdırıb.

Nəşrin təqdimatının Milli Musiqi Gününə təsadüf etdiyini deyən akademik Rafael Hüseynov bildirib ki, Azərbaycan milli opera sənətinin tarixi 116 il əvvəl tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb.

O, həmçinin “Kafkaslardakı Kıyım ve Sürgünler” kitabının təqdimatının bu mədəniyyət ocağında keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. Alim vaxtilə “Metropol” otelinin yerləşdiyi indiki Nizami Muzeyində Azərbaycan hökümətinin yaşadığını, milli hökumətin ilk iclaslarının burada keçirildiyini, müstəqil dövlətin müqəddəratı ilə bağlı qərarların da məhz bu binadan qəbul edildiyini söyləyib. Bildirib ki, muzeydə əsaslı təmir və yenidənqurma işləri aparıldıqdan sonra bu zal “İstiqlal zalı” adlandırılıb.

Azərbaycan dövlətinin XX əsrdə qət etdiyi mübarizəli yolun enişli-yoxuşlu mərhələləri, bu yolda fədakarlıqlar göstərmiş unudulmaz şəxsiyyətlərdən bəhs edən muzeyin direktoru bildirib ki, 70 illik həsrətdən sonra 1991-ci ildə müstəqilliyimiz yenidən bərpa edildi. Amma müstəqilliyimiz 1993-cü ilin iyununda yenidən təhlükə ilə üz-üzə qaldı. Bu çətin və narahat dönəmdə Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyası ilə çıxış edərək xalqının köməyinə gəldi: “Ulu Öndər çətin tarixi sınaqlarla üzləşərkən müstəqilliyimizi qoruyub saxlamağı bacardı və onu möhkəmləndirərək XX əsrdən XXI yüz ilə çatdıra bildi, müasir Azərbaycan dövlətini mükəmməl bir şəkildə bərqərar etdi. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu estafeti uğurla davam etdirərək müstəqilliyimizi daha da möhkəmləndirdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, torpaqlarımızı azad etdi”.

Akademik Rafael Hüseynov bugün ictimaiyyətə təqdim olunan kitabın əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, milli-adət ənənələrini və mədəniyyətini daha dərindən öyrənmək üçün dəyərli elmi tədqiqat əsəri olduğunu vurğulayıb. O, kitabın Azərbaycan türkcəsində nəşr olunmasının zəruriliyini qeyd edib.

Sonra kitabın müəllifi əslən Qərbi Azərbaycandan olan Sevil Abbasoğlu İrəvanlı çıxış edərək nəşrin ərsəyə gəlməsinə xeyli zamanın sərf olunduğunu, bunun Azərbaycan üçün siyasi və mədəni baxımdan çox mühüm addım olduğunu nəzərə çatdırıb. O, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Bakı Dövlət Universitetinin baş müəllimi Sona Çərkəz, AzTV-nin “Turan” proqramının aparıcısı Zərnişan Atakişiyeva, Dərələyəz icmasının üzvü Kamil Məmmədov və digərləri çıxış edərək Qərbi Azərbaycanla bağlı elmi əsərlərin yazılmasını və tədqiqini tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm amil kimi qiymətləndirib, müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd edək ki, “Kafkaslardakı Kıyım ve Sürgünler” kitabı İstanbulda Türk Dünyası Araştırmaları Vakfı tərəfindən çap olunub. Nəşrin ön hissəsində İrəvan Xanlığının Alay Bayrağı, arxa hissəsində isə İrəvan Qalasının Çar Rusiyası orduları tərəfindən mühasirəsi təsvir edilib. Bu təsvirlər fransız əsilli rus rəssam Frans Roubaud tərəfindən 1827-ci ildə yaradılıb.

Kitabda Qərbi Azərbaycanın tarixi, coğrafiyası, əhalisi, etnik və dini vəziyyəti, xanlıqlar dövrü, Qacarın İrəvan xanlığına yürüşü, vətəndaş müharibələri, çar I Pyotrun dövründə rus ordusunun Xəzər sahillərini işğalı, İrəvan xanlıq və digər xanlıqların Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri açıqlanıb. Eləcə də Rusiya-İran müharibələri və Osmanlı-Səfəvi müharibələri zamanı insanların etnik statusuna təsir edən köçlərdən söz açılıb. Əsərdə İrəvan xanlığının siyasi tarixi haqqında məlumatlarla bağlı Çar Rusiyası dövründə nəşr olunan “Kavkazskiy sbornik” (“Qafqaz toplusu”) jurnalına və İsrafil Məmmədovun əsərlərinə istinad edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: