AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) “Məhəmməd Əmin Rəsulzadə - mühacirətdə bitən ömür” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü çıxış edərək görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin dövlət səviyyəsində qeyd edilməsinin tariximizin əlamətdar səhifələrinin öyrənilməsi baxımından önəmini qeyd edib.
Sonra Şəki REM-in Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi fil.e.d., dos. Kamil Adışirinov “Məhəmməd Əmin Rəsulzadə mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi kimi” mövzusunda məruzəsini təqdim edib. O, Rəsulzadənin mühacirət dövrü ədəbi fəaliyyətinin məhsulu olan “Əsrimizin Səyavuşu”, “Azərbaycan Cümhuriyyəti”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Azərbaycan şairi Nizami” əsərlərini geniş şərh edərək, bu əsərlərin Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslığı üçün əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov çıxış edərək Məhəmməd Əmin Rəsulzadənin siyasi düşüncəsini sosializm, türkçülük, islamçılıq və siyasi realizm ideyaları fonunda öyrənməyin vacibliyini vurğulayıb. Qeyd edib ki, Rəsulzadə bolşevizmdən uzaq, sosial-demokrat idi, o, öz fikirlərində milli ideyalara söykənirdi, bolşevizmdə isə milli ideyadan söhbət gedə bilməzdi.
O, Məhəmməd Əmin Rəsulzadənin daim geniş xalq kütləsinin mənafeyi uğrunda mübarizə apardığını, ömrünün yarısını mühacirətdə keçirməsinə baxmayaraq, Azərbaycanın hər zaman var olması uğrunda ideyalarla çıxış etdiyini, böyük ictimai-siyasi xadim olduğunu nəzərə çatdırıb.
Tədbir müzakirələr ətrafında davam etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.