Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi.
Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb.
Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
“Dəmir yumruq” əməliyyatı
Müharibənin birinci günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi: “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını düşmən üzərində Qələbəyə ruhlandıran şüara çevrildi.
Əks-hücum əməliyyatının ilk saatlarında cəbhə xəttindən bir-birinin ardınca xoş xəbərlər gəlməyə başladı. Düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusunun Füzuli rayonunun Qaraxanbəyli, Yuxarı Əbdürrəhmanlı, Horadiz və Qərvənd, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etməsi böyük ruh yüksəkliyi ilə qarşılandı.
“Dəmir yumruq” əməliyyatının qısa xronikası: Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Bundan bir gün sonra Cəbrayıl şəhəri, oktyabrın 9-da isə Hadrut qəsəbəsi düşməndən təmizləndi. Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini darmadağın edən rəşadətli Ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdı. Bir gün sonra Dövlət Bayrağımız qədim Xudafərin körpüsü üzərində dalğalanmağa başladı. Oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan azad olundu.
Ordumuz oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini işğaldan azad etdi. Oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti hədəfi Qarabağın döyünən ürəyi Şuşa şəhəri idi. Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri çox böyük rəşadət göstərərək çətin relyefə malik dağ, meşə cığırlarından keçib sıldırım qayalara dırmaşaraq, bir neçə istiqamətdən Şuşaya daxil oldular. Qəhrəman Ordumuz dünya hərb tarixində özünəməxsus yer tutan Şuşa əməliyyatını uğurla başa çatdırdı. Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza noyabrın 8-də səhər saatlarında Şəhidlər xiyabanından çatdırdı.
Prezident böyük qürur hissi ilə xalqımızı təbrik etdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq”.
Şuşanın azad edilməsi ilə Ermənistan ordusunun müqavimət gücü tamamilə sarsıldı. Noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi.
Düçar olduqları ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiyaya imza atmağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, tamamilə məhv edildi.
Vətən müharibəsində Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Azərbaycan Milli Ordusu cəmi 44 gün ərzində ən müasir döyüş silahlarını tətbiq etməklə yüksək peşəkarlıq nümayiş etdirdi. Ermənistan ordusunda on mindən çox əsgər fərarilik etdiyi halda, Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də fərari olmadı.
Heç kim unudulmur, heç nə yaddan çıxmır...
Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 2 min 900-dən çox əsgər və zabitimiz şəhid olub. Şəhid və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini təkcə bu gün (27 Sentyabr - Anım Günü) deyil, həmişə ehtiramla yad edir.
Prezidentin Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamda deyilir: “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”.
Bu şanlı Qələbəni xalqımıza yaşatmış hərbçilərimizin qəhrəmanlığını yüksək qiymətləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-2021-ci illərdə imzaladığı sərəncamlarla Vətən müharibəsinin ümumilikdə 159 mindən çox iştirakçısı müxtəlif orden və medallarla təltif olunub.
Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2021-ci il sentyabrın 27-də Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin təməli qoyulub.
Qələbəni təmin edən əsas amillərdən biri
xalq-dövlət-ordu birliyi oldu
İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin ən mühüm amillərindən biri xalqımızın Vətən torpaqlarının azad olunması naminə öz dövləti və ordusu ətrafında sıx birləşməsi oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, ölkəmizin haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.
Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın aparıcı media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən həmin müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Azərbaycan mediası Vətən müharibəsinin gedişini peşəkarcasına işıqlandıraraq cəbhə xəbərlərini xalqımıza və dünya ictimaiyyətinə operativ və dəqiq şəkildə çatdırdılar.
Azərbaycan zəfərdən-zəfərə doğru irəliləməkdə davam etdi. Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad Qarabağımızda mühüm infrastruktur obyektlərinin təməli qoyuldu, möhtəşəm layihələrə start verildi. Şuşaya Zəfər yolu çəkildi, Füzulidə Beynəlxalq Aeroport açıldı. Zəngilan rayonunda tikilən “ağıllı kənd”ə ilkin olaraq 66 ailə, ümumilikdə 326 nəfər köçürüldü. Bununla da “Böyük Qayıdış”ın başlanğıcı qoyuldu.
2022-ci ildə Anım Günü ərəfəsində daha bir tarixi hadisənin qürur və sevincini yaşadıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyev 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı.
Vətən müharibəsindəki Qələbənin məntiqi
davamı olan antiterror əməliyyatı
Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, peşəkar komando bölmələri yaradılırdı. Xalqımız şanlı Qələbənin davamını, Qarabağda separatçı rejimin və qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğuna son qoyulmasını gözləyir və buna inanırdı. Nəhayət həmin tarixi an yetişdi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir sutkadan az müddət ərzində düşmən aldığı ağır zərbələrdən sonra silahı yerə qoymağa və Azərbaycan rəhbərliyinin şərtlərini qəbul etməyə məcbur oldu. Bununla da suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi.
Dövlət başçısının dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu. Ermənistanda bəzi revanşist qüvvələr yenə zaman-zaman baş qaldırır, bəzi xarici ölkələr Ermənistanı silahlandırır. Buna görə də hazırda ən mühüm prioritetlərdən biri, bir nömrəli vəzifə Ordumuzun daha da güclənməsidir.
Prezident, Ali Baş Komandan İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu barədə danışarkən deyib: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik”.
Vətən müharibəsində qazanılan Qələbədən sonra Qarabağda və Şərqi Zəngəzurda böyük abadlıq və quruculuq işləri başlandı. İşğaldan azad edilən torpaqlarımız ev-ev, küçə-küçə, məhəllə-məhəllə yenidən bərpa olunur. Dövlət başçısının sərəncamlarına əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək.
Xatırladaq ki, 26 Avqust – Laçın Şəhəri Günü, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr – Füzuli Şəhəri Günü, 20 Oktyabr – Zəngilan Şəhəri Günü, 25 Oktyabr – Qubadlı Şəhəri Günü, 8 Noyabr – Şuşa Şəhəri Günü, 20 Noyabr – Ağdam Şəhəri Günü, 25 Noyabr – Kəlbəcər Şəhəri Günüdür.
Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş bütün Vətən övladlarının xatirəsi bu gün hörmət və ehtiramla yad edilir. Xalqımız Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadır və yaşadacaq. Onların Vətən sevgisi hər birimiz üçün örnək olaraq qalacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!