Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.01.2016 15:27
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın 2015-ci ildəki fəaliyyətinə dair hesabatı dinlənilib

Mərkəzi Elmi Kitabxananın 2015-ci ildəki fəaliyyətinə dair hesabatı dinlənilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) 2015-ci ildəki fəaliyyətinə dair hesabat iclası keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq kitabxananın ötən ildəki fəaliyyətini yüksək qiymətləndirib, il ərzində burada yüksək səviyyədə mötəbər tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb.

Sonra MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın 2015-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabatla çıxış edib. Bildirilib ki, ötən il MEK-in elmi-tədqiqat fəaliyyəti ölkə Prezidenti və Nazirlər Kabinetinin fərman və sərəncamlarının, dövlət proqramlarının, eləcə də AMEA-nın qərar və sərəncamlarının icrasına yönəlib. Bu istiqamətdə müxtəlif tədbirlər düzənlənib, o cümlədən bir sıra görkəmli mütəfəkkir, dövlət, elm və mədəniyyət xadimlərinin, yazıçıların yubileylərinə həsr olunmuş tədbirlər çərçivəsində yubilyarların əsərlərindən ibarət materiallar sistemləşdirilərək rəqəmsallaşdırılıb, Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib, materialların rəqəmsal və çap formatda sərgisi hazırlanaraq nümayiş etdirilib.

L.İmanova bildirib ki, ötən il MEK-də bir sıra struktur islahatları aparılıb və kitabxananın yeni Nizamnaməsi təsdiq edilib. Hesabat ilində Milli Rəqəmsal Yaddaş, İnformasiya texnologiyalarının hazırlanması və tətbiqi, İnnovativ layihələr adlı yeni şöbələr, həmçinin İctimai Səhiyyə bölməsi yaradılıb. Bundan başqa, kitabxananın Elmi Şurası ləğv edilib, əvəzində isə İdarə Heyəti, Daxili Nizam-intizam komissiyası və İnformasiya Mənbələrinin Qiymətləndirilmə Komissiyası yaradılıb.

Qeyd olunub ki, ötən il kitabxananın strukturunda İnformasiya Resursları Mərkəzi yaradılıb, mərkəzə informasiya texnologiyalarının hazırlanması və tətbiqi, milli rəqəmsal yaddaşın formalaşdırılması, innovativ layihələrin hazırlanması və icrasına nəzarət funksiyaları həvalə edilib.

Sonra MEK rəhbəri kitab, qəzet, jurnal və digər nəşrlərin yoxlanılması, əsas və yardımçı fondlarda yerləşdirilməsi və sənədləşdirilməsi, biblioqrafik sorğu kitablarının tərtibi, eləcə də informasiya texnologiyalarının hazırlanması və tətbiqi sahəsində İT üzrə texniki dəstək, dizayn, tərtibat və rəqəmsallaşdırma istiqamətində görülmüş işlərdən bəhs edib. İnnovativ layihələrin tətbiqi, Vahid İdarəetmə Sistemi üçün kitabxana modullarının hazırlanması və sınaq məqsədi ilə istifadəyə verilməsindən danışan natiq əməkdaşların iş prosesindəki inkişafına nail olmaq üçün təşkil edilən təlimlərdən də söz açıb. Eyni zamanda L.İmanova informasiya mənbəyinin konveyer üsulu ilə emal edilməsi və prosesin tam şəkildə Vahid İdarəetmə Sisteminə inteqrasiyası ilə bağlı elektron resurslarla iş üzrə təlimlərin düzənləndiyini vurğulayıb.

Tədbirdə beynəlxalq və ictimai əlaqələrin fəaliyyəti, ictimai əhəmiyyətli tədbirlərin təşkil olunması, həmçinin işçilərin müdafiəsi ilə əlaqədar kitabxanada sosial layihələrin həyata keçirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanıb.

Sonra kitabxananın direktoru müəssisənin fəaliyyətindəki son yeniliklərdən danışıb. Bildirib ki, köçürülmə prosesindən sonra Mərkəzi Elmi Kitabxana istifadəçilər üçün xidmətə hazırlanıb və bu ilin sentyabrından oxucuların istifadəsinə verilib. Ötən il bir sıra mühüm proqramların reallaşdırılmasında təşkilatın yaxından iştirak etdiyini söyləyən Leyla İmanova  respublika əhəmiyyətli tədbirlərin təşkilində MEK-in fəaliyyətindən danışıb.

Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzinin də fəaliyyətinin uğurla davam etdiyini deyən L.İmanova xüsusi olaraq bu mərkəzdə hazırlanan vahid idarəetmə proqramının ilkin mərhələlərdə AMEA-nın elmi müəssisələrində, sonra isə tərəfdaş kitabxana və digər müəssisələrlə birgə kənar qurumlarda da tətbiq ediləcəyini diqqətə çatdırıb.

Daha sonra akademik İsa Həbibbəyli çıxış edərək Mərkəzi Elmi Kitabxananın hesabat ilində səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Mərkəzi Elmi Kitabxananın region ölkələrinin elmi kitabxanaları ilə müqayisədə daha müasir olduğunu söyləyən akademik Milli Rəqəmsal Yaddaşın formalaşdırılması, Elektron idarəetmə sisteminin qurulması, fondların nizamlanması, yeni və mövcud resursların inteqrasiyası, eləcə də elmi-ideoloji tədbirlərin uğurla keçirilməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildiyini bildirib.

Sonda Milli Rəqəmsal Yaddaş layihəsi üçün elmi informasiyanın qarşılıqlı mübadiləsini təmin etmək məqsədilə AMEA-nın institut və təşkilatlarının aidiyyatı şöbələrindən olan nümayəndələrin, o cümlədən elmi katiblər, elmi işlər üzrə direktor müavinlərinin iştirakı ilə informasiya mübadiləsinin əlaqələndirilməsinin müzakirəsinə dair tədbirlərin keçirilməsi tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: