AMEA-nın Tarix və Etnologiya İnstitutunda “Səfəvi tarixinə dair Venesiya Dövlət Arxivi və Marçiana Milli Kitabxanasında saxlanılan sənədlərin kataloqu”nun təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini açan institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev kataloqun nəşrinin əhəmiyyətindən söz açıb.
“Elm və Təhsildə İnkişaf” İctimai Birliyinin sədri, layihənin rəhbəri Sabit Quliyev “Azərbaycan Səfəvilər dövlətinin tarixi ilə bağlı Venesiyanın arxiv və kitabxanalarında saxlanılan sənədlərin kataloqunun tərtib edilməsi və nəşri”nin məqsədi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Kataloqun tərtibatçısı, transkripsiya, italyancadan tərcümə, giriş və qeydlərin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Əhməd Quliyev göstərdiyi köməkliyə və dəstəyə görə Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirib.
Ə.Quliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elm və Təhsildə İnkişaf” İctimai Birliyi tərəfindən nəşr edilmiş kataloq-topluda Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair Venesiya Dövlət Arxivində və Venesiyada yerləşən Marçiana Milli Kitabxanasında saxlanılan 240 arxiv sənədi haqqında məlumat verildiyini və bir sıra arxiv sənədlərində tariximiz üçün əhəmiyyət daşıyan hissələrin transkripsiya və italyancadan tərcümə edilərək, hazırki nəşrə daxil salındığını bildirib.
Kataloqun elmi rəyçiləri tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli, tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseyn və tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı nəşrin Səfəvi tarixinin araşdırılması baxımından tədqiqatçılarımaza faydalı olacağını bildiriblər, bu işlərin davamının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, “Ocaq” nəşriyyatında işıq üzü görən kataloq tarixçilər, Səfəvilər dövlətinin tarixini öyrənən tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.