AMEA-nın Kimya Elmləri Bölməsi və Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə VIII beynəlxalq simpozium işə başlayıb.
Tədbiri açan Bölmənin Elmi şurasının sədri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev beynəlxalq simpoziumun bu il Bakıda keçirilməsinin rəmzi xarakter daşıdığını bildirib. Akademik 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” olmasından və ölkəmizin COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsindən danışıb. Vurğulayıb ki, bu gün qlobal problemlərdən biri enerji ilə bağlıdır. Dünyada bərpaolunan enerjiyə dair bir çox tədqiqatlar aparılır. İnstitutun baş direktoru tədbirdə müzakirəyə çıxarılan məsələlərin elmin inkişafına töhfələr verəcəyinə əminliyini bildirib.
Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycanda bərpaolunan enerji (külək və günəş) mənbələrindən istifadənin sürətlə artdığını diqqətə çatdırıb. Akademik müxtəlif elm sahələrində yaşıl enerji, yaşıl iqtisadiyyat, yaşıl kimya, yaşıl layihələr kimi yeni anlayışların meydana gəldiyini, yeni istiqamətlər ortaya çıxdığını qeyd edib.
AMEA rəhbəri “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində akademiyada silsilə tədbirlərin təşkil olunduğunu, müzakirələr aparıldığını, alim və ziyalılarımızın aktual elmi problemlərin həllində yaxından iştirak etdiklərini diqqətə çatdırıb.
Tədbirdə Orta Doğu Texniki Universitetinin professoru Tayfur Öztürk əlaqələrin genişləndirilməsi, ümumi maraq doğuran məsələlər üzrə fikir və təcrübə mübadiləsinin aparılması baxımından beynəlxalq simpoziumun elmi əhəmiyyətini qeyd edib. Professor bərpaolunan enerji mənbələrinin mənimsənilməsi kimi məsələlərə toxunulacaq tədbiri mühüm platforma kimi yüksək dəyərləndirilib.
Sonra çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov alternativ enerji mənbələrinin tətbiqi və istifadəsinin getdikcə daha çox aktuallıq kəsb etdiyini söyləyib. O, çıxışında Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi potensialı olduğunu da qeyd edib.
AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov bərpaolunan enerji mənbələrindən istifadənin mövcud vəziyyəti, yarana biləcək problemlər və gözləntilər haqqında məlumat verib. Akademik Azərbaycanda bərpaolunan enerji mənbələri ilə bağlı mühüm işlər görüldüyünü vurğulayıb. Alim elmi simpoziumun Azərbaycan iqtisadiyyatına töhfələr verəcəyinə əminliyini ifadə edib.
Tədbir işini plenar iclaslarla davam etdirib.
Beynəlxalq simpozium oktyabrın 10-da başa çatacaq.