AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Asim Cənnətovun məqaləsi “Web of Science” bazasına daxil olan Malayziyanın “Jebat” Tarix, Siyasət və Strateji Araşdırmalar jurnalında dərc olunub.
“Urmiya gölü hövzəsindəki ekoloji böhranın Yaxın Şərqə təsirinin analizi” adlı məqalədə dünyada mövcud su ehtiyatlarının və göllərin hər birinin təsərrüfat üçün yararlı olmasa da, onların qorunub saxlanmasının ekoloji fəlakətlərin qarşısının alınmasında olduqca həlledici rol oynadığını yazan müəllif, təəssüflə qeyd edir ki, bir çox ölkələrdə su mənbələri ciddi şəkildə qorunub saxlanılmır və süni amillər nəticəsində quruma təhlükəsi ilə üzləşir. Belə göllərdən biri də İranda Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında yerləşən Urmiya gölüdür.
Duzluluq dərəcəsinə görə dünyada ən böyük göllərdən biri sayılan Urmiya gölündə ötən əsrin 90-cı illərdən başlayaraq suyun səviyyəsinin aşağı endiyi və hal-hazırda quruma təhlükəsi ilə üz-üzə qaldığı bildirilən məqalədə gölün tamamilə qurumasının bölgədə ekosistemi məhv etməklə kifayətlənməyəcəyi, onun yan təsirlərinin özünü qonşu ölkələrdə və bütünlükdə Orta Şərqdə göstərə biləcəyi vurğulanır. Bu prosesin, eyni zamanda bölgədən digər əyalətlərə və qonşu ölkələrə miqrasiya axınını da sürətləndirəcəyini bildirən müəllif, beləliklə, Urmiyada yaşanan göl böhranının bütün region üçün təhlükəli olduğunu diqqətə çəkir.
Bu araşdırmanın başlıca məqsədi gölün quruma səbəblərini aşkar etmək, regionda yarana biləcək təhlükələri proqnozlaşdırmaq və həll yolları tapmaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.