Türkiyənin Qazi Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Türk Kültürünü Araştırma İnstitutu və ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ankarada Beynəlxalq Füzuli Simpoziumu davam edir.
Beynəlxalq simpozium çərçivəsində iştirakçılar və qonaqlar üçün Qazi Universitetinin konsert zalında Azərbaycan Mədəniyyət Mərkəzinin Məhəmməd Füzuliyə həsr etdiyi ədəbi-bədii, musiqili kompozisiya təqdim olunub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyev tərəfindən Sərəncam imzalandığını, bununla əlaqədar həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində dahi şairlə bağlı tədbirlərin keçirildiyini bildirib. O, Məhəmməd Füzulini anadilli poeziyanın mükəmməl nümunələrini yaratdığını, Azərbaycan bədii dilini, mədəniyyətini, incəsənətini daha da zənginləşdirdiyini, muğam sənətini isə Füzulisiz təsəvvür etməyin qeyri-mümkün olduğunu söyləyib. AMEA rəhbəri Məhəmməd Füzuliyə həsr olunmuş konsert proqramını yüksək qiymətləndirib, tədbirin dahi şairin yaradıcılığının tanıdılması istiqamətində əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra Beynəlxalq Muğam Mərkəzinin solisti, VI Muğam müsabiqəsinin qalibi Almaxanım Əhmədli Məhəmməd Füzuliyə həsr olunmuş musiqilər ifa edib. “TRT Türkü” radio kanalının “Azərbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər isə dahi şairin əsərlərindən şeirlər səsləndirib.