AMEA-nın Gəncə Bölməsinin YAP təşkilatının iclası keçirilib.
İclasda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, sədrin müavini Orxan Əhmədov, məsul əməkdaşları Cabir Məmmədov və Afər Məmmədov iştirak ediblər.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iclası açaraq, qonaqları salamlayıb və Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının şərəfli tarixindən danışıb. Müasir dövrümüzdə cəmiyyətimizin avanqardı olan bu böyük siyasi partiyanın ideyalarının həyata keçirilməsində onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz tarixində misli görünməmiş sosial-iqtisadi inkişafa çatdığını bildirib. O, qeyd edib ki, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasət və gələcəyə hesablanmış inkişaf strategiyası sayəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib və ölkəmizin ev sahibliyi ilə keçirilən COP29 – BMT-nin İqlim dəyişikilyi ilə mübarizə məsələlərinə həsr olunan konfrans da bunun daha bir sübutudur.
Akademik Fuad Əliyev, həmçinin YAP Gəncə təkilatının respublikamızda ən böyük təkilat olduğunu xatırladaraq, onun şəhərin sosial-iqtisadi inkişafında böyük rol oynadığını qeyd edib.
AMEA-nın Gəncə Bölməsinin sədr müavini Rasim Tağıyev də çıxış edərək, YAP-ın Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya olduğunu və onun üzvlərinin hərəkətlərinin Ümummilli Liderin adına və əməllərinə layiq olmasının vacibliyini vurğulayıb. Bu baxımdan, o, yerli partiya təşkilatının işinin səmərəli təşkil olunması üçün bölmənin gənc əməkdaşlarından Vüsal Eminbəylinin namizədliyini irəli sürüb. Çıxışçı Vüsal Eminbəylini bilikli və bacarıqlı, siyasi cəhətdən yetkin şəxs kimi xarakterizə edib.
Kimya üzrə fəlsəfə doktoru, dosent İmran Qasımov da söz alaraq, Vüsal Eminbəylini yüksək insani və peşəkarlıq xüsusiyyətlərinə malik gənc kimi tanıdığını bildirib.
Filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov da çıxışında burada səslənənləri ədalətli və vicdanlı mülahizələr kimi xarakterizə edib. O da gənc həmkarı Vüsal Eminbəylinin ona göstərilən etimadı tam doğruldacağına inandığını bildirib.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək, bu təşkilatın əksər üzvlərinin ziyalılar olduğu qeyd edib və təşkiatın respublikamızın ikinci şəhərinin siyasi, ictimai, iqtisadi, mədəni və maarifçilik həyatında daim aparıcı mövqeyi haqda danışıb. O, ölkənin ən mühüm siyasi aksiyası olan seçkilərdə seçicilərin fəal mövqeyinin bir daha nümayiş olunduğunu qeyd edib.
Bayram Aslanov da bir sıra müəssisə və qurumlarda partiyanın yerli təşkilatların işinə müasir tələblərlə səsləşə bilən yeni nəfəs gətirilməsinin vacibliyi məsələsinə toxunub. O, qeyd edib ki, məhz bu qəbildən olan səbəbələri anlayaraq, bəzi yerli təşkilat rəhbərləri könüllü surətdə öz vəzifələrini tərk edərək, yenilikçi, xüsusən gənc kadrlara yer verirlər və bu baxımdan, AMEA-nın Gəncə Bölməsində də təşkilati məsələlərə baxıldığını qeyd edib.
Bayram Aslanov YAP Gəncə şəhər təşkilatının əsas dayaqlarının məhz yerli təşkilatlar olduğunu qeyd edərək, onların fəal və nümunəvi mövqe nümayiş etdiməsinin vacib məsələ olduğunu vurğulayıb.
Çıxışlarda deyilənlər nəzərə alınaraq, yerli partiya təşkilatında kadr dəyişliyi məsələsi gündəliyə çıxarılıb. Açıq səsvermə yolu ilə Vüsal Eminbəyli AMEA-nın Gəncə Bölməsinin YAP təşkilatının sədri seçilib.
İclasdan sonra qonaqlarla birlikdə AMEA-nın Gəncə Bölməsində yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzinin açılışı olub.
Qonaqlara məlumat verilib ki, Mərkəzdə Ümummili Lider Heydər Əliyevin Gəncə şəhərinə etdiyi 12 səfəri, buradakı işgüzar görüşləri, səfərlərin nəticəsi kimi Respublikanın ikinci şəhərinin inkişafına dair verdiyi sərəncam və qərarları əhatə edən sənəd və məlumatlar, həmçinin fotoşəkillər, eləcə də bu materialların elektron variantları toplanıb.
Vurğulanıb ki, Mərkəzdə Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşdırılması, ölkəmizin quruculuq strategiyasının əsaslarının qoyulması, eləcə də müasir dövrdə Ulu Öndərin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin uğurlu milli və beynəlxalq siyasətinin tədqiq və təbliği məsələləri üçün lazımi şərait yaradılıb.
Sonra YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov xatirə kitabında ürək sözlərini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.