Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.10.2024 17:20
  • A-
  • A
  • A+

“İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” mövzusunda elmi sessiya öz işinə başlayıb

“İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” mövzusunda elmi sessiya öz işinə başlayıb

Oktyabrın 14-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” mövzusunda elmi sessiya öz işinə başlayıb.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri riyaziyyat elmləri doktoru Mübariz Hacıbəyov, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrin baş direktorları, Bakı Dövlət Universitetinin nümayəndələri və MBBİ-nin əməkdaşları iştirak ediblər.

Sessiyadan öncə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş sərgiyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ölkəmizdə keçirilməsinin tarixi hadisə olduğunu, belə tədbirin Azərbaycanda baş tutmasının Prezident İlham Əliyevin nüfuzu sayəsində gerçəkləşdiyini deyib. Bildirib ki, bu, həm də dünya birliyinin Azərbaycana olan inamının ifadəsidir və bu inamı dövlətimizin başçısı həyata keçirdiyi qlobal miqyaslı siyasəti və nüfuzu ilə əldə edib.

Prezident İlham Əliyevin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ideyaları və strategiyaları müasir dövrün çağırışları işığında inkişaf etdirdiyini deyən akademik İsa Həbibbəyli 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər, ərazi bütövlüyümüzün tam bərpası ilə nəticələnən 23 saatlıq antiterror tədbirləri və yaratdığı yeni reallıqların dövlətimizin başçısını dünya liderləri sırasına çıxardığını bildirib.

Ötən müddət ərzində COP29-a hazırlıq çərçivəsində ölkəmizdə bir çox işlərin görüldüyünü vurğulayan akademik İsa Həbibbəyli Şamaxıda nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələrin keçirildiyini, həmçinin COP28, COP29 və COP30-un sədrləri qismində BƏƏ, Azərbaycan və Braziliya tərəfindən “İqlim Troykası”nın təsis edildiyini, alimlərin də iştirak etdiyi Bakı İqlim Fəaliyyəti Həftəsinin, eləcə də Pre-COP29 tədbirinin baş tutduğunu diqqətə çatdırıb. AMEA rəhbəri ölkəmizin belə nüfuzlu tədbirə tam hazır olduğunu və yüksək səviyyədə keçiriləcəyini söyləyib.

Ölkə başçısının 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamı və COP29 çərçivəsində AMEA-da bir çox işlərin həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli bu istiqamətdə AMEA ilə ETN Fizika İnstitutu və Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl artım və dayanıqlı inkişaf”, AMEA Rəyasət Heyəti və ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünyamızı qoruyaq”, AMEA Qadınlar Şurasının və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünyamız gözlərə nur verən elmin işığında”, AMEA-nın Kimya Elmləri Bölməsi və ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirlər, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri və Yer Elmləri Bölmələrinin birgə təşkilatçılığı ilə yaşıl transformasiyaların aktual elmi-praktiki problemlərinə həsr olunmuş konfransın baş tutduğunu diqqətə çatdırıb. Həmçinin oktyabr ayının sonunda AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş növbəti konfransın keçiriləcəyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bu tədbirlərin AMEA və Elm və Təhsil Nazirliyinin COP29 çərçivəsində həyata keçirdiyi mühüm hadisələrdir və elmimizin, alimlərimizin yaşıl dünyamıza bir töhfəsidir.

Sonra çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri riyaziyyat elmləri doktoru Mübariz Hacıbəyov Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi adından konfrans iştirakçılarını salamlayıb. Son illərdə ekologiya problemlərinin və iqlim dəyişmələrinin regional problemlərdən çıxaraq qlobal böhrana çevrildiyini deyən M.Hacıbəyov bu problemin təbiətlə yanaşı, insanların gündəlik iqtisadi-sosial həyatına da ciddi təsir etdiyini vurğulayıb. Azərbaycanın COP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu deyən şöbə müdiri AMEA və Elm və Təhsil Nazirliyinin bu istiqamətdə birgə tədbirlər keçirməsinin təqdirəlayiq olduğunu bildirib: “Dünyamızı qorumalı və ekoloji təmizliyə riayət etməliyik. Bu istiqamətdə ekoloji maarifləndirmə işlərinin aparılması olduqca vacibdir”.

Daha sonra sessiyada AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynovanın “Qlobal iqlim dəyişiklikləri dövründə davamlı inkişaf naminə qlobal və milli çağırışlar” mövzusunda məruzəsi dinlənilib. Akademik qeyd edib ki, bəşər övladının təbiətə istismarçı münasibəti və səmərəsiz istifadə qlobal ekoloji fəlakətə gətirib çıxarıb. Onun sözlərinə görə, qlobal istiləşmə, karbon emissiyasının artması, atmosferin, su və torpağın kəskin çirklənmələri, məişət və sənaye tullantılarının yüksək miqdarı, ekosistemlərin dayanıqsızlığı, səhralaşma, torpaqların deqredasiyası, yağıntıların paylanmasında dəyişikliklər, içməli və suvarma suları ilə təminatda problemlər, buzlaqların və göllərin sahəsinin azalması, bioloji müxtəlifliyin azalması, növlərin itməsi, növ miqrasiyasında güclənmə və pozulmalar canlı həyatın davamı üçün dövrün başlıca təhdidləri sırasındadır.

Azərbaycanda quraqlıq problemi barədə danışan alim ölkəmizdə adambaşına düşən su ehtiyatının qonşu ölkələrlə müqayisədə aşağı səviyyədə olduğunu, Dünya Bankının hesabatına görə, Azərbaycanın 2040-cı ilə qədər güclü quraqlıq riskinə görə dünya üzrə 18-ci yerdə qərarlaşacağını bildirib.

Akademik İradə Hüseynova dünyada bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsinin səhraya çevrildiyini, Azərbaycanda isə 2000-2022-ci illərdə deqredasiyaya uğramış torpaq sahələrinin 18.5%, urbanizasiyalaşmış ərazilərin 25.8%, eroziyaya uğramış sahələrin 10.5%, quru çöllərinin (səhralaşmaya namizəd) sahəsinin 15.8% artdığını, sıx bitki örtüyü sahəsinin (meşə və kolluqlar) təqribən 18%, çəmənliklərin isə 26% azaldığını diqqətə çatdırıb.

Ərzaq təhlükəsizliyi barədə də danışan alim 1970-ci illərdə Ulu Öndərin dəstəyi ilə Azərbaycanda biologiya və ekologiya elmlərinin inkişafında görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin istiqamətverici rolunun xüsusilə diqqətəlayiq olduğunu, böyük alimin rəhbərliyi ilə aparılan tədqiqat işlərinin kənd təsərrüfatı bitkilərinin potensial məhsuldarlığının reallaşdırılmasının fizioloji-genetik əsaslarının öyrənilməsinə, biomüxtəlifliyin tədqiqi, qorunub saxlanılması və səmərəli istifadəsinə yönəldildiyini bildirib.

Akademik İradə Hüseynova hazırda elmin qarşısında iqlim senarisi ilə bağlı proqnozların işlənib hazırlanması, ölkənin təbii landşaftlarının, torpaq, su və yaşıl örtük resurslarının, atmosferin vəziyyətinin, element tərkibində baş verən dəyişikliklərin, çirklənmə dərəcəsinin, radiasiya fonunun daimi monitorinqinin aparılması kimi mühüm vəzifələrin durduğunu söyləyib.

Sonra elmi sessiyanın gündəliyinə uyğun olaraq, AMEA-nın müşaviri akademik Qərib Məmmədov “Azərbaycanda iqlim dəyişikliklərinin torpaqların deqredasiyasına təsirinin qiymətləndirilməsi”, AR ETN Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov “Azərbaycanın su ehtiyatları: müasir vəziyyət, biotəhlükəsizlik problemləri və onların həlli yolları”, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri, AR ETN Zoologiya İnstitutunun elmi işçisi Elşad Əsgərov “İqlim dəyişikliyinin fauna biomüxtəlifliyinə təsirinin yumşaldılması istiqamətində WWF-in addımları”, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri AMEA-nın müxbir üzvü Novruz Quliyev “COP29: Karbon emissiyasının azaldılmasına elmi baxış”, AR ETN Genetik Ehtiyatlar İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Müasir dövrdə Azərbaycanın aqrobiomüxtəlifliyi”, Azərbaycan Tibb Universitetinin professoru, AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyev “İnsan sağlamlığında iqlim faktoru” və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri biologiya elmləri doktoru Yaşar Feyziyev “İqlim dəyişikliklərinə qarşı mübarizə və “yaşıl enerji” tədqiqatları” mövzularında məruzələrlə çıxış ediblər. Bütün məruzələr böyük maraqla dinlənilib və geniş müzakirələr aparılıb.

Qeyd edək ki, sessiya oktyabrın 15-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: