Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) “Углеводородные системы осадочных бассейнов: теоретические основы и научно-прикладные аспекты” (“Çöküntü hövzələrinin karbohidrogen (KH) sistemləri: nəzəri əsaslar və elmi-tətbiqi aspektlər”) elmi-tədris kitabı çapa hazırlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş kitabın müəllifi AMEA-nın həqiqi üzvü Əkpər Feyzullayevdir.
452 səhifəlik kitab iki bölmədən ibarətdir: “Çöküntü hövzələrinin KH sistemləri” və “KH sistemlərinin elmi-tədbiqi aspektləri”.
Birinci bölmədə təqdim olunan məlumat neft və qaz yataqlarının formalaşması və mühafizəsi üçün zəruri olan geoloji elementlərin (ana süxur, lay, tələ və suiti) və proseslərin (çöküntü toplanma, diagenez, katagenez, metagenez və onları müşayiət edən KH-rin generasiya və miqrasiyası) bütün müxtəlifliyini araşdıran “Çökmə hövzələrinin KH sistemləri” kursuna aid dərslikdir. Bu bölmədə KH sistemlərinin tədqiqi və neft və qazın axtarışı üsulları da nəzərdən keçirilir.
İkinci bölmədə Cənubi Xəzər hövzəsinin (CXH) və dünyanın digər çöküntü hövzələrin timsalında, KH sistemlərinin elmi və tətbiqi aspektləri nəzərdən keçirilir: onların geoloji və geodinamik şəraitdən asılı olan xüsusiyyətləri, neft ehtiyatlarının mənimsəməsi zamanı ətraf mühitə təsiri və onların axtarışının perspektiv istiqamətləri və s. barədə məlumat verilir.
Kitab sahə mütəxəssisləri, müəllimlər və tələbələr üçün nəzərdə tutulub. Bu məlumatların mənimsəməsi nəticəsində əldə olunan biliklər neft və qazın ontogenezi haqqında tam anlayış əldə etmək, tədqiq olunan çöküntü hövzənin KH potensialının və onun həyata keçirilməsinin geoloji şəraitini obyektiv qiymətləndirmə, neft və qaz axtarışlarının perspektiv istiqamətlərinin işlənib hazırlanması təcrübəsinə yiyələnmək üçün əsas ola bilər.
Kitab Geologiya və Geofizika İnstitutunun Elmi şurasının qərarı ilə nəşrə tövsiyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.