Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.10.2024 16:27
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda növbəti lektoriya keçirilib

Geologiya və Geofizika İnstitutunda növbəti lektoriya keçirilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) gənc alimlər üçün nəzərdə tutulmuş növbəti lektoriya keçirilib.

Lektoriyanı giriş sözü ilə institutun baş direktoru akademik Akif Əlizadə açaraq bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb, lektoriyanın "Plitələr tektonikası və Qafqaz plitəsinin müasir kinematikası: yeni yanaşma və perspektivlər" mövzusuna həsr olunduğunu bildirib.

Sonra yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov məruzə ilə çıxış edib. Alim məşhur dünya alimləri Aleksandr Humbolt, Antonio Snider-Pellegrini, Frank Bursley Teylor, Artur Holmes və digərlərinin plitələr tektonikası ilə bağlı elmi nəticələri, həmçinin Alfred Vegenerin plitələr tektonikası nəzəriyyəsinə daxil olan qitə və okeanların mənşəyini nəzərə çatdırıb. R.Səfərov tektonik hadisələrdə alimlərin qravitasiya sahəsinin təhlili, seysmik dalğaların sürəti, geomaqnit sahənin təhlili, radioaktiv elementlərin mövcudluğu və s. məsələlərə aydınlıq gətirib. Eyni zamanda digər alimlərin geofiziki arqumentlərini səsləndirib və plitələr tektonikası nəzəriyyəsinə aid postulatlar, şərtlər və tələblər haqqında ətraflı məlumat verib.

R.Səfərov daha sonra mövzu ilə bağlı Azərbaycanda mövcud durum haqqında real faktlarla danışıb.

Daha sonra həmməruzəçi akademik Fəxrəddin Qədirov GGİ-nin gənc alimləri üçün plitə tektonikasının nüanslarını açıqlayıb. Akademik bildirib ki, bu sahədə xeyli bilik əldə edilsə də, Yerin geoloji tarixi və inkişafı ilə bağlı bir sıra suallar izahsız qalıb. Plitə tektonikası ilə əlaqəli hadisələr son 400 milyon ildə baş verib. Planetin 4,5 milyard il ərzində geodinamik inkişafının necə olduğu barədə alimlər isə dilemma qarşısındadırlar.

F.Qədirov, həmçinin gənclər üçün lektoriyada səslənmiş geodinamika, paradiqma kimi terminlərin izahını verib.

Sonda həmməruzəçilər çoxsaylı sualları cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: