Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Bədirxan Əhmədlinin 3 cildlik fundamental dərsliyi çap olunub
18.10.2024 16:20
  • A-
  • A
  • A+

Professor Bədirxan Əhmədlinin 3 cildlik fundamental dərsliyi çap olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat institutunun şöbə müdiri filologiya elmləri doktoru, professor, Xəzər Universiteti Ədəbiyyat və Dillər Departamentinin müəllimi Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (Bakı, Qanun) adlı hər biri 650-700 səhifəlik 3 cildlik dərsliyi çap olunub.

İlk dəfə olaraq tək müəllifin bütünlüklə XX əsri əhatə edən dərsliyi bakalavr, magistr, doktorant və tədqiqatçıların ixtiyarına verilib. Dərsliyin 1-ci cildi Azərbaycan milli hərəkatı (1890-1920), 2-ci cildi Postcümhuriyyət və sovet (1920-1950), 3-cü cildi isə Müstəqillik ərəfəsi və müstəqillik (1960-2020) dövrünü əhatə edir. Dövrün ədəbi prosesi, ədəbiyyatına yeni meyarlarla yanaşılır və yeni konsepsiya təqdim edilir.

Dərslik-monorafiyada həm də XX əsr Azərbaycan ədəbiyyatının yeni dövrləşdirmə konsepsiyası öz əksini tapır. Dərslikdə ədəbiyyatın ayrı-ayrı inkişaf meyilləri, istiqamətləri, problemləri və hadisələri təhlil edilir. İlk dəfə olaraq bütöv bir əsrin ədəbi prosesi yeni Avropa tipli ədəbiyyat tarixçiliyi baxımından ideoloji meyarlarla deyil, ədəbi yöndən tərəfsiz araşdırılır. Müəllif bir çox mürəkkəb, ziddiyyətli hadisələri, “izm”ləri, ədəbi cərəyanları, fərqli metodologiyanı və ədəbi prinsipləri özündə ehtiva edən yüzilliyin ədəbiyyatına özünəməxsus ədəbi, metodoloji kontekstdən yanaşır və mümkün olduğu qədər doğru bir konsepsiyadan çıxış edir. Repressiya, sovet ədəbiyyatı, mühacirət və legion ədəbiyyatı kimi problem də burada siyasi gözlüklə oxunmamış, ədəbi proses obyektiv şəkildə araşdırılmış, ədəbi şəxsiyyətlər yeni düşüncə ilə qiymətləndirilmişdir. Lakin onu da demək lazımdır ki, yüzillikdə yazıb yaradan bütün ədəbi şəxsiyyətlərin hamısına ayrıca oçerk verilməmişdir, burada yalnız ədəbiyyatın istiqamətini dəyişməyə çalışmış, özünü təsdiq etmiş sənətkarlara ayrıca oçerk vermək mümkün olub.

Dərslik müəllifin 25 il çalışdığı Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında yerinə yetirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: