AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclasında bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.
Rəyasət Heyətinin iclasını giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açıb və iştirakçıları müşavirənin gündəliyi ilə tanış edib.
Akademik Fuad Əliyev ilk müzakirə mövzusunun AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Xalq qəzeti”ndə dərc olunmuş “Milli Elmlər Akademiyası: ölkə reallıqları və yeniləşmə prosesləri” sərlövhəli müsahibəsi və orada səsləndirilən fikir və təkliflərin işığında Gəncə Bölməsin elmi müəssisələrinin qarşısında duran vəzifələrə həsr olunduğunu bildirib.
Akademik Fuad Əliyev həmin müsahibədə akademik İsa Həbibbəylinin vurğuladığı aktual məsələləri diqqətə çatdıraraq, AMEA-nın tərkibinə daxil olan humanitar və ictimai müəssisələrinin, dövlətçiliyimizin, azərbaycançılığın, milli-mənəvi dəyərlərimizn elmi cəhətdən əsaslandırılmasının vacib olduğunu bildirib.
Akademik Fuad Əliyev, həmçinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Kommunikasiyası üzrə Fəaliyyət Planının icrasının təmin edilməsi haqqında AMEA Rəyasət heyətinin 7 oktyabr 2024-cü il tarixli Qərarında göstərilən müddəaların Bölmənin institut və qurumlarının fəaliyyətlərində rəhbər tutmalarının əsas vəzifələrdən olduğunu qeyd edib.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Kommunikasiyası üzrə Fəaliyyət Planı”nın müvafiq müddəalarının Bölmənin fəaliyyətində rəhbər tutulması haqqında Elektron xidmətlər şöbəsinin müdiri Fərhad Mirzəyev çıxış edib. O, AMEA-nın Gəncə Bölməsinin rabitə və kommunikasiya şəbəkəsinin hazırki vəziyyəti, qarşıdakı perspektivlər və bu yöndə imkanların genişləndirilməsi barədə ətraflı məlumat verib, həmçinin rəqəmsal sistemlər, elmmetrik metodlar, eləcə də süni intellektin tətbiqinin mümkünlüyü haqqında danışıb.
Akademik Fuad Əliyev çıxışçıya Bölmədə bu sahədə daxili problemlərin konkretləşdirilməsini, vəziyyətin aydınlaşdırılaraq, təkliflər verilməsini və müvafiq tədbirlərin həyata keçirilməsini tapşırıb.
Gündəlikdəki növbəti məsələ - AMEA-nın Gəncə Bölməsinin elmi müəssisələrinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatlarının keçirilməsi haqqında Elmi katib Günay Cəfərova çıxış edib. O, illik hesabatlar və onların hazırlanma tarixləri haqda şöbə və digər qurumları məlumatlandırıb.
Toplantıda daha bir məsələ Bölmə tərəfindən keçiriləcək “Gəncə tarixinin aktual problemləri” respublika elmi-nəzəri konfransına hazırlıq haqqında olub. Bu barədə Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, t.ü.f.d., dosent Nərgiz Rəsulova danışıb. O, konfransa göndərilən elmi məqalələrin tələbləri haqqında məlumat verib.
Toplantıda son illərin Nobel mükafatı laureatları ilə tanışlıq yönündə maarifləndirici məlumatla Təhsil şöbəsinin müdiri, k.ü.f.d. Aynurə Həsənova çıxış edib. O, 2023 və 2024-cü illər üzrə müxtəlif sahələrdə Nobel mükafatı almış alim və ictimai xadimlərdən danışıb.
İclasın daha bir müzakirə mövzusu Bölmədə hazırlanmaqda olan “Gəncə incəsənəti” monoqrafiyası haqda olub. Bu yöndə işlərin gedişi ilə maraqlanıb və kitabın hazırlanmasında iştirak edən əməkdaşlar dinlənilib.
Monoqrafiyanın ərsəyə gətirilməsi prosesində bir neçə mövzular üzrə işləyən, Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin müditi, t.ü.f.d., dosent Samirə Qasımova hazırladığı materialları və ədəbiyyat siyahısını təqdim edib.
İclasda növbəti məsələ “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gəncəmizi təmiz saxlayaq” mövzusunda orta və ali məktəblərdə maarifləndirici görüşlərin təşkili ilə bağlı olub. Bu haqda Elmi işlər üzrə sədr müavini k.ü.f.d. Sara Əzizova çıxış edib və COP29-a aid olan tədbirlərin gənc nəslin tərbiyəsində fayadalı rol oynadığından danışıb.
Toplantıda AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin “Nizamişünaslıq” jurnalının AAK-nın dövri elmi nəşrlər siyahısına daxil edilməsi haqda Mərkəzin direktoru f.ü.f.d Əlimuxtar Muxtarov çıxış edib. O, xatırladıb ki, 2011-ci ildən nəşr olunan jurnalda Azərbaycanın müxtəlif elmi müəssisələrini təmsil edən alimlərlə yanaşı, Türkiyə, Özbəkistan, Pakistan , Rusiya, İran və digər ölkələrdən olan görkəmli alimlərin Azərbaycan, türk, ingilis və rus dillərində elmi əsərləri nəşr olunur. “Nizamişünaslıq” jurnalı Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının nəzdində fəaliyyət göstərən “Filologiya elmləri və pedaqogika” ekspert şurasının müvafiq qərarı ilə 2024-cü ilin oktyabr ayından Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.
Rəyasət Heyətinin iclasında, həmçinin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi barədə Ümumi işlər üzrə sədr müavini Rasim Tağıyev çıxış edərək, bu yeniliyin xüsusiyyətlərini ətraflı şəkildə izah edib.
Toplantıda AMEA-nın Gəncə Bölməsində İntizam Komissiyasının yaradılması da qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.