Qazaxıstanın Astana şəhərində “Alaş dövrü ədəbiyyatı: inteqrativ folklorşünaslıq və yeni elmi paradiqma” adlı elmi praktiki konfrans keçirilib.
Lev Qumilyov adına Avrasiya Milli Universitetinin Filologiya fakültəsinin Qazax ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə keçirilən tədbir Qazaxıstan Respublikasının Müstəqillik Gününə təsadüf edib.
Qeyd edək ki, cari ilin iyul ayında Avrasiya Milli Universitetinin Qazax ədəbiyyatı kafedrasının müdiri Kayırbek Kemenqer həmkarları ilə birlikdə Azərbaycanda səfərdə olub. Onlar Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib və muzeyin direktoru, akademik Rafael Hüseynovla görüşüblər.
Görüş zamanı Azərbaycan Demokratik Respublikası (1918-1920) və Qazaxıstanın Alaş Orda (1918-1920) fəalları arasındakı əlaqələrdən, Əlimərdan bəy Topşubaşovun mühacirətdəki fəaliyyətindən, siyasi repressiya qurbanları olmuş ziyalılardan və onların ədəbi irsindən bəhs olunub. Alimlərin bu görüşü sözügedən konfransın keçirilməsinə zəmin yaradıb.
Konfransda ölkəmizi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva təmsil edib. O, “Mirzə Fətəli Axundazadə yaradıcılığının Nizami muzeyinin ekspozisiyasında təqdimi və onun Qazax ədəbiyyatına təsiri” adlı məruzəsini onlayn şəkildə təqdim edib.
Məruzəçi bildirib ki, maarifçilik dövrünün parlaq siması, milli dramaturgiyanın və ədəbi tənqidin banisi, Azərbaycan teatrının inkişafında əvəzsiz xidmətləri olmuş Mirzə Fətəli Axundzadənin ədəbi fəaliyyəti Qazax ədəbiyyatına da təsir etmişdir. Belə ki, M.F. Axundzadənin “Aldanmış kəvakib” (“Hekayəti-Yusif şah”) əsərinin təsiri ilə Alaş Orda dövlətinin üzvlərindən olan görkəmli Qazax şairi və pedaqoqu, pantürkizm və turançılıq hərəkatının Qazaxıstandakı ideoloqlarından Mağcan Cumabayev 1924-cü ildə “Jusup xan” (“Yusif xan”) adlı poemasını qələmə almışdır. Tənqidçilərin fikrinə görə, şair qəddar hökmdar obrazında İosif Stalini əks etdirib. Bu səbəbdən sonrakı illərdə ədib repressiya qurbanlarından olmuş və 1938-ci ildə şairin həyatı faciəli şəkildə başa çatmışdır.
Məruzəçi, həmçinin Qazax-Azərbaycan xalqlarının ortaq ədəbi köklərindən, ümumtürk dastanlarından qaynaqlanmasından, müasir mərhələdə iki ölkə arasında yeni ədəbi-mədəni əlaqələrin formalaşmasından bəhs edib. Nailə Əliyeva Mağcan Cumabayevin və Alaş Orda hərəkatının digər ədiblərinin fəaliyyətinin müasir müqayisəli ədəbiyyatşünaslıq kontekstində öyrənilməsi probleminin aktuallığını qeyd edib.
Sonda konfransda iştirak edən akademik Dixan Kamzabekulu məruzədən məmnun qalaraq konfrans materialının Qazaxıstan Respublikasında nəşr olunan “Prostor” jurnalında dərc edilməsini təklif edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.