Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alimlərin xarici və yerli  alimlərlə birgə məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
28.10.2024 15:52
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin xarici və yerli alimlərlə birgə məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Türkiyənin Qazi Universitetinin alimlərinin birgə apardıqları tədqiqat işlərinin nəticələri Scopus bazasında indekslənən Journal of Vinyl and Additive Technology IF 3,8, (CiteScore -5.4, kvartil-Q2) jurnalında nəşr olunub.

Məqalədə qeyd edilir ki, dielektrik sabitliyinə və keçiriciliyinə nəzarət etməklə yeni kompozit materialların sintezi və tədqiqi bəzi elektron komponentlərin dizaynında mühüm amillərdən biridir. Xüsusilə laylı qurluşlu yarımkeçirici və polivinil spirt (PVS) əsasında materiallar superkondensatorlarda istifadə üçün böyük potensiala malikdirlər. Bu tədqiqat işində doldurucu kimi laylı qurluşlu FeGaİnS4 hissəciklərindən və matrisa kimi PVS-dən (polivinil spirti) istifadə edilərək mexaniki qarışdırılma üsulu ilə kompozit sintez edilmişdir. Kompozitin strukturu rentgen difraksiya üsulu ilə təhlil edilmiş, elektrik xassələri və keçiriciliyin mexanizmi tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, dielektrik nüfuzluğu temperaturun artması ilə artır, tezliyin artması ilə azalır. Dəyişikliklərin xarakteri nanokompozitlərdə baş verən polyarizasiyanın dipol-oriyentasiya və dipol-miqrasiya mexanizmləri ilə izah olunur. Dielektrik itgisinin tezlik asılılığında müşahidə olunan maksimum yükdaşıyıcıların relaksasiya prosesləri ilə əlaqədardır. Temperatur yüksəldikcə itki bucağının tangensinin qiymətinin artmasınının səbəbi elektrik keçiriciliyinin artmasıdır. Müəyyən edilmişdir ki, boş PVS və 1%-li FeGaInS4 əsaslı kompozit üçün elektrik keçiriciliyi iki mexanizm ilə əlaqədar olur: zona və sıçrayış. Bu kompozitdə  müxtəlif tezliklər üçün aktivləşmə enerjisi təyin edilmişdir.

Qeyd edək ki, polimerlə yarımkeçiricinin nisbi miqdarını dəyişməklə kompozitin elektrik keçiriciliyini dəyişmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: