AR Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun Elmi şurasının qərarı ilə geoloq alimlərin 4 yeni əsəri çap olunacaq.
Belə ki, AMEA-nın həqiqi üzvü Əkpər Feyzullayevin müəllifi olduğu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr edilmiş əsər “Углеводородные системы осадочных бассейнов: теоретические основы и научно-прикладные аспекты” (“Çöküntü hövzələrinin karbohidrogen (KH) sistemləri: nəzəri əsaslar və elmi-tətbiqi aspektlər”) adlanır.
452 səhifəlik kitab iki bölmədən ibarətdir: “Çöküntü hövzələrinin KH sistemləri” və “KH sistemlərinin elmi-tədbiqi aspektləri”.
Birinci bölmədə təqdim olunan məlumat neft və qaz yataqlarının formalaşması və mühafizəsi üçün zəruri olan geoloji elementlərin (ana süxur, lay, tələ və örtük) və proseslərin (çöküntü toplanma, diagenez, katagenez, metagenez və onları müşayiət edən KH-rin generasiya və miqrasiyası) bütün müxtəlifliyini araşdıran “Çökmə hövzələrinin KH sistemləri” kursuna aid dərslikdir. Bu bölmədə KH sistemlərinin tədqiqi və neft və qazın axtarışı üsulları da nəzərdən keçirilir.
İkinci bölmədə Cənubi Xəzər hövzəsinin (CXH) və dünyanın digər çöküntü hövzələrinin timsalında, KH sistemlərinin elmi və tətbiqi aspektləri nəzərdən keçirilir: onların geoloji və geodinamik şəraitdən asılı olan xüsusiyyətləri, neft ehtiyatlarının mənimsəməsi zamanı ətraf mühitə təsiri və onların axtarışının perspektiv istiqamətləri və s. barədə məlumat verilir.
Kitab sahə mütəxəssisləri, müəllimlər və tələbələr üçün nəzərdə tutulub. Bu məlumatların mənimsəməsi nəticəsində əldə olunan biliklər neft və qazın ontogenezi haqqında tam anlayış əldə etmək, tədqiq olunan çöküntü hövzənin KH potensialının və onun həyata keçirilməsinin geoloji şəraitini obyektiv qiymətləndirmə, neft və qaz axtarışlarının perspektiv istiqamətlərinin işlənib hazırlanması təcrübəsinə yiyələnmək üçün əsas ola bilər.
C.e.d. Vaqif Məmmədovun 136 səhifəlik “Planetimizin buzlaşma mərhələləri” əsəri 40 şəkil və 8 cədvəldən ibarətdir.
Yaşadığımız Yer planeti formalaşdığı vaxtdan müasir dövrə kimi müəyyən dəyişmələrə məruz qalıb. Bu dəyişmələr mahiyyət, miqyas, zaman və məkan baxımından fərqlidir. Planetimizdəki transformasiyanı yaradan səbəblər yerin daxili (endogen) və xaricində (kosmogen) baş verən qüvvələrlə əlaqəlidir. Müəyyən edilib ki, Yerin xarici qurşaqlarının və xüsusən də biosferin təkamülündə iqlim amili mühüm yer tutur, yəni Günəşdən Yer səthinə gəlib çatmalı olan radiasiyanın (istiliyin) miqdarının azalması müvafiq olaraq hava temperaturunun ~5-6 0C azalmasına səbəb olur ki, o da öz növbəsində soyuqlaşma-buzlaşma prosesinin başlanmasına şərait yaradır.
Müasir dövrdə planetimizdəki buzlaqların ümumi sahəsi 16.3 mln. km2, Azərbaycanda isə cəmi ~5km2-ə yaxındır. Dördüncü dövrdə Azərbaycanın yüksək dağlıq zonasında təxminən 2-3 buzlaşma və onların da bir neçə mərhələsi olub.
Ümumən, soyuqlaşma-buzlaşma prosesinin proqnozuna dair endogen və kosmogen əsaslı müxtəlif fikirlər olsa da, yeni buzlaşmanın nə vaxt baş verəcəyini müəyyənləşdirmək hələlik ki, mümkün deyil.
Əsərdə planetimizdə son 3 milyard il ərzində bir neçə dəfə baş vermiş soyuqlaşma-buzlaşma və buzlaşmalararası istiləşmə dövrlərini yaradan səbəblər, onların xüsusiyyətləri və geosferlərdə baş vermiş transformasiyaların özəllikləri araşdırılaraq lakonik tərzdə təqdim edilir və bu məlumatların gənc geoloqlar, təbiətşünaslar, həm də geniş oxucu kütləsi üçün faydalı ola biləcəyi nəzərdə tutulub.
Y.e.d. Qulam Babayevin ingilis dilində hazırladığı “Seysmoloji təhlilin differensiyasiyalı ssenar metodu (Böyük Qafqazın cənub-şərq yamacı timsalında)” əsəri 1998-2024-cü illər ərzində müəllifin elmi və 6 illik universitet müəllimliyi fəaliyyətini əks etdirən əsas tədqiqatları təqdim olunur.
Monoqrafiyada məqsəd seysmoloji təhlilin differensiyasiyalı ssenar metodologiyası sahəsində tədqiqatlar üçün əsas formalaşdırmaqdır. Əsərdə risklər və qeyri-müəyyənliklər şəraitində hadisə ssenarilərinin tərtib edilməsində əsas nəzəri metod və yanaşmalar işıqlandırılır. Ssenarilərin emalının əsas aspektləri təsvir edilir və onların planlaşdırmasının dizayn parametrlərinin nəzəri məsələləri haqqında ətraflı bəhs edilir. Həmçinin təsvir olunan differensiyasiyalı ssenar metodologiyasının təhlükəli təbiət hadisələrinin qiymətləndirilməsində tətbiqi üsulları göstərilir. Azərbaycanda seysmologiya elminin inkişaf tarixinə dair tədqiqatlar da əks olunur, ölkəmizdə bu istiqamətdə töhfələri olan elm xadimlərinin fəaliyyətinin qısa biblioqrafik icmalı verilir.
Monoqrafiyada seysmik təhlükənin qiymətləndirilməsi nəzəriyyəsinin elementlərindən bəhs olunan, Azərbaycanda seysmik ümumi və mikrorayonlaşdırma sahəsində tədqiqatların nəticələri əhatə edilən, yer hərəkətlərinin seysmik ssenari modellərinin təhlilini əks etdirən hissə də diqqət çəkir.
Əsərdə Böyük Qafqazın cənub-şərq yamacının hesablanmış qiymətlər əsasında zəlzələnin maksimal maqnitudasını, titrəyişlərin intensivliyini, amplitudanın gücləndirilmə əmsalını və qruntun maksimal təcilini özündə ehtiva edən differensiyasiyalı ssenar seysmik modelləri qurulub, ərazi xəritələrinin xarakteristikaları verilir, geoloji və litoloji amillər baxımından Böyük Qafqazın cənub-şərq yamacında bir sıra seysmik təsirlərin əmələ gəlməsinin səbəbləri göstərilir.
Yeni əsər ingilis dilində təhsil alan tələbələr, doktorantlar, eləcə də bu elmi sahədə çalışan müəllimlər və seysmoloqlar üçün faydalı olacağı şübhəsizdir.
G-.m.e.n. Zəki Vəliyevin “Daim dəyişən Dünyamız haqqında elm” əsəri hər təbəqədən olan oxucuda maraq doğuracaq.
Geoloq sənəti sanki romantika arealı ilə əhatələnib. Lakin bu ilk növbədə olduqca çətin, böyük iradə tələb edən gərgin əməkdir. Geoloq-kəşfiyyatçılar faydalı qazıntı yataqlarının axtarışında aylarla ekstremal iqlim şəraitində ekspedisiyalarda “batıb-qalır”, insan ayağı dəyməmış yerlərdə yüzlərlə km məsafə qət edir, yalın əllə bəlkə də, tonlarla daş - süxurları, nümunələri çiyinlərində daşıyırlar. Bütün bunlar Yer təkində etibarlı gizlədilmiş yeni faydalı qazıntı yataqlarının kəşf edilməsi, dövlətin iqtisadi stabilliyinin və qüdrətinin möhkəm təməlinin yaradılması naminə əzəmətli geoloq “ordusu” tərəfindən görülən şərəf işidir. Bu gün geoloqların köməyinə ən müasir texnikanın son nailiyyətləri olan sürətli kompüterlər, peyk və naviqasiya sistemləri, dronlar gəlir. Amma geoloqun ən güclü silahı ağıla söykənən çəkic və kompas olmuş və bu gün də o cür qalmaqdadır.
Müəlllifin kitabında Qalaktikanın (Kəhkəşanın) yaranması, Günəş sistemi, Yer planetinin fəzada mövqeyi, onun quruluşu haqqında müasir təsəvvürlər, onlarn fiziki, kimyəvi və s. xüsusiyyətləri barəsində məlumatlar, Yer qabığının mənşəyi, təkamülü, endogen və ekzogen proseslər haqqında nəzəri biliklər aşılanır. Bundan başqa, üzvi aləmin və onun təkamül qurumlarının inkişafı haqqında müasir təsəvvürlər və hipotezlər təqdim edilir.
Əsər ali məktəblərin əyani və qiyabi şöbələrində, həmçinin qonşu fənlərarası ixtisaslar üzrə təhsil alan bakalavr, magistrlər, doktorantlar, gənc mütəxəssislər, ümumiyyətlə, təbiəti sevənlər üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.