Almaniya Federativ Respublikasında “Oxu. Düşün. Əlaqələndir” devizi ilə keçirilən 76-cı Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz bu il də xüsusi stendlə təmsil olunub. Yenilənmiş dizayna malik milli stenddə ölkəmizin mədəniyyətinə, tarixinə aid 125 adda 230 nüsxə kitab ziyarətçilərə təqdim olunub.
95 ölkədən 4000 iştirakçının bir araya gəldiyi sərgidə İtaliya “fəxri qonaq ölkə” seçilib.
Kitab sərgisində ölkəmizdə fəaliyyət göstərən bir neçə nəşriyyat da iştirak edib. Onların arasında “Təhsil” nəşriyyatı da yer alıb. Nəşriyyatın kitabları arasında uşaq yazıçısı Sevinc Nuruqızının 9-14 yaş uşaqların mütaliəsi üçün nəzərdə tutulan “Melisa” nağıl-povesti də sərgilənib.
Qeyd edək ki, “Melisa” adlı nağıl-povest müxtəlif dillərə tərcümə olunub və kitab Türkiyənin “İLESAM-Akçağ Uşaq ədəbiyyatı roman, hekayə və nağıl – 2018” müsabiqəsində roman janrı üzrə birinci yerin qalibi olub.
Frankfurtda sərgilənən kitab isə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Munisə İsmayılova tərəfindən alman dilinə tərcümə edilib. Nəfis tərtibatı ilə seçilən kitab stenddə maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.