Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2024 17:15
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Şərqşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Noyabrın 6-da AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 80-ci illərdə Qarabağda baş qaldıran erməni separatçılarının 90-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizini işğal edərək 1 milyondan çox azərbaycanlını doğma yurdlarından qaçqın və köçkün saldığını deyərək, 30 ilə yaxın bu torpaqların işğal altında qaldığını xatırladıb. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə hərc-mərcliyə, xaosa son qoyulduğunu və ordu quruculuğuna başlanıldığını deyən Gövhər xanım 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadi islahatların sürətləndiyini, beynəlxalq münasibətlərin inkişafına, modern ordu quruculuğuna başlanıldığını qeyd edib. Bütün bunların nəticəsində hakimiyyət və xalq birliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şanlı zəfər çalaraq, torpaqlarımızı işğaldan azad edib.

Bu müharibədə canlarından keçən şəhidlərin qəhrəmanlıqlarından danışan G.Baxşəliyeva Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 3 dekabr 2020-ci il tarixli Sərəncamını xatırladıb.

Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı tədbirdə çıxış edərək bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan əzəli torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladı. Ali Baş Komandanın rəhbərliyi ilə hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu dünya hərb tarixinə düşən bir qələbəyə imza atdı. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu.

Noyabr ayının 8-də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyini deyən M.Babaşlı qeyd edib ki, Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtardı və onu qalib xalqa çevirdi.

Tədbirdə çıxış edən institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı İkinci Qarabağ müharibəsinin başlanmasına zəmin yaratmış hadisələrdən danışıb, 27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmasını qeyd edib və buna qarşılıq olaraq, Azərbaycan ordusunun komandanlığının əks-hücum əməliyyatına başlanmasına qərar verdiyini bildirib. Qeyd edilib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın ən böyük zəfəri Qarabağ Zəfəri ilə nəticələnib. G.Qafqazlı bildirib ki, bu gün həmin Zəfər Gününü müzəffər ordumuzun və uzaqgörən Prezidentimiz cənab İlham Əliyevin sayəsində yaşayırıq. Bu gün 44 günlük müharibədə əldə edilən zəfəri bütün Azərbaycan və azərbaycanlılar qeyd edir. Bizim zəfərimiz və Zəfər tariximiz bütün dünya tarixinə və hərb tarixinə  böyük və qızıl həriflərlə daxil olub. 

İnstitutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Vətən müharibəsində qazanılan tarixi zəfərin əhəmiyyətindən danışıb. R.Cümşüdlü 44 günlük müharibənin dünya palitrasında Azərbaycan və azərbaycanlı obrazının dəyişdiyini ifadə edən qəhrəmanlıq səhifəsi olduğunu, bu müharibədə müzəffər ordumuzun öz hərbi qüdrəti və  mənəvi əzmi ilə düşmənə tarixi ibrət dərsi verdiyini deyib.

İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Mirzə Ənsərli gənclərin qazanılan Zəfərdə böyük rolundan danışıb, o cümlədən müharibədə iştirak etmiş AMEA əməkdaşlarının da bu qələbədə payı olduğunu qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: