Ərazisi və əhali sayı ilə çox da fərqlənməyən Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin dövlət və cəmiyyət həyatının bütün sahələrində əsasını qoyduğu analoqsuz siyasi kursun Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilməsi və inkişaf etdirilməsi sayəsində milli, regional və hətta qlobal problemlərin həllində öz sözü və imzası olan nüfuzlu və qüdrətli bir dövlətə çevrilmişdir.
Azərbaycan beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiyini - Qarabağla bağlı BMT-nin qətnamələrinin həyata keçirilməsini öz gücü ilə həll etməyi bacarmış, tarixi İpək yolunun bərpası, Avropanın enerji təhlükəsizliyi kimi layihələrdə önəmli rol oynamış, Qoşulmama Hərəkatının lideri kimi bu hərəkata ikinci nəfəs gətirə bilmiş, regional sülh və əməkdaşlığın təmin olunmasına real töhfələr vermişdir.
Bu baxımdan BMT-nin Baş Assambleyasından sonra ikinci böyük tədbiri olan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un dünya birliyinin yekdil qərarı ilə ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının qlobal problemlərin həllinə verdiyi töhfələrin, əldə etdiyi davamlı mövqeyin, oynadığı mühüm rolun növbəti göstəricisidir.
Belə bir nüfuzlu tədbirə evsahibliyi etməyimiz, eləcə də 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması kimi ölkədə "yaşıl iqtisadiyya"tın, "yaşıl enerji"nin, "yaşıl texnologiya"ların tətbiqinə, geniş mənada "yaşıl artım"a hesablanmış strateji qərar Azərbaycan Respublikasına beynəlxalq səviyyədə əhəmiyyətli siyasi dividendlər qazandırmaqla yanaşı, ekologiya, iqlim dəyişiklikləri, biomüxtəliflik, bio- və ərzaq təhlükəsizliyi, bərpaolunan, emissiyasız enerji və sairə kimi sahələrdə milli elmimizin və təhsilin inkişafına, yüksək texnologiyalar üzrə əməkdaşlıq və bilik mübadiləsinə əhəmiyyətli təkan verəcəkdir.
COP29-un Bakıda keçirilməsi ilə bağlı bir ilə yaxın davam edən hazırlıq işləri, həyata keçirilən yerli, regional və beynəlxalq tədbirlər, həmçinin cəmiyyətin diqqətinin əlaqədar sahələrə yönəldilməsi, sağlam ətraf mühitin, təbiətin və onun yaşıl örtüyünün qorunması və artırılmasının, ümumən bioloji müxtəlifliyin əsl dəyərinin dərk edilməsi, deməli, ictimai şüurun yeni, "yaşıl dəyərlər" əsasında formalaşdırılması baxımından da mühüm irəliləyişlərə nail olunmasına imkan verəcəkdir.
Bu gün Azərbaycan müasir texnoloji inkişafa açıq olan, növbəti sənaye inqilablarında seyrçi deyil, iştirakçı olmağı hədəfləyən modern ölkədir. Azərbaycan Prezidentinin müasir dövrün, 4-cü sənaye inqilabının çağırışlarına, ərzaq və bioloji təhlükəsizliyin təmin olunmasına, süni intellektə əsaslanan texnoloji - "yaşıl iqtisadiyyat"ın ölkənin uzunmüddətli ehtiyaclarına istiqamətlənməsinə dair müvafiq elmlərin inkişaf perspektivləri ilə bağlı verdiyi sərəncam və fərmanları, dəyərli tövsiyə və tapşırıqları elm sahəsində yaxın perspektiv üçün çağırışların strateji istiqamətlərini müəyyən etmişdir.
Elmin inkişafı üçün ən vacib məsələlərdən biri Prezident İlham Əliyevin qeyd etdiyi kimi, prioritetlərin düzgün seçilməsidir. Ətraf mühitin sağlamlaşdırılması, iqlim dəyişikliyinə və onun fəsadlarına qarşı mübarizə kimi COP məqsədləri üzrə strateji istiqamətlərin və prioritetlərin dövrün tələblərinə uyğun şəkildə müəyyənləşdirilməsi, ekosistem və molekulyar səviyyələrdə müasir yanaşmalarla kompleks tədqiqatların aparılması zəruri olan bir çox problemlərin ön plana çıxarılmasını vacib edir:
- İqlim ssenariləri və onlarla bağlı proqnozların işlənib hazırlanması;
- ölkənin təbii landşaftlarının, torpaq, su və yaşıl örtük resurslarının, atmosferin vəziyyətinin, onun element tərkibində baş verən dəyişikliklərin, çirklənmə dərəcəsinin, radiasiya fonunun daimi monitorinqi;
- səhralaşmanın, torpaqların deqradasiyaya uğramasının qarşısının alınması, bərpası, ekoloji təmiz şəkildə yaxşılaşdırılması;
- ölkənin yerüstü və yeraltı su ehtiyatlarının müasir vəziyyətinin ekosistem yanaşmalarla kompleks şəkildə (geoloji, geocoğrafi, mikrobioloji, hidrobioloji, sanitar-epidemioloji, fiziki-kimyəvi) qiymətləndirilməsi, onlardan davamlı inkişaf prinsiplərinə müvafiq istifadə imkanlarının müəyyənləşdirilməsi;
- eko- və biotəhlükəsizlik standartlarının dəqiqləşdirilməsi, identikləşdirilməsi, uyğunluq monitorinqləri, bioloji təhlükəsizlik prinsiplərinin hazırlanması;
- bərpaolunan, ekoloji təmiz - "yaşıl" enerji, o cümlədən bioenerji məsələlərinin tədqiqi, "yaşıl enerji" zonaları və dəhlizlərinin yaradılması;
- iqlim dəyişikliyindən doğan fəsadların ətraf mühitə, bitki, heyvan və xüsusən insan sağlamlığına təsirinin qiymətləndirilməsi və s.
Eyni zamanda su hövzələrinin, tranzit çayların çirklənmə vəziyyəti və çirkli sulardan təkrar istifadə üçün onların təmizləməsində yeni fiziki-kimyəvi və bioloji metod və yanaşmaların hazırlanaraq tətbiq edilməsi, kənd təsərrüfatı və meşə bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı ətraf mühitə ziyan vurmayan inteqrir mübarizə üsullarının yaradılması və tətbiqi, nadir və itmək təhlükəsində olan bitki və heyvan növlərinin vəziyyətinin, areallarının dəyişmə dinamikasının daimi izlənməsi, onların bərpası, artırılması və reintroduksiyası üzrə tədbirlərin görülməsi vacibdir. Qorunmasına ehtiyac duyulan biomüxtəliflik elementlərinin, rüşeym plazmasının xüsusi şəraitlərdə, o cümlədən genbanklarda mühafizəsinin təşkili, müxtəlif heyvan, o cümlədən köçəri quş növlərinin populyasiyalarında dəyişikliklərin, miqrasiya məsələlərinin tədqiqi, nadir təbiət abidələrinə, əsrlərlə yaşı olan ağaclara xüsusi qoruma rejiminin tətbiqi, fitosintez prosesinin (idarəolunması, süni fotosintez və s.) yeni metodlarla öyrənilməsi də xüsusi əhəmiyyət kəsb edir.
Aparılan tədqiqatlarda yeni nəsil, o cümlədən rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinin uğurlu nəticələrin alınmasında mühüm vasitə ola biləcəyi nəzərə alınmalıdır, müvafiq kadr hazırlığına, mövcud kadr potensialının bilik və bacarıqlarının artırılmasının vacibliyinə diqqət artırılmalıdır. Təsadüfi deyildir ki, COP29 sədrliyinin təşəbbüsləri sırasında "Yaşıl rəqəmsal fəaliyyət" də yer almışdır. Bu təşəbbüs üzrə bəyannamə İKT sektorunda iqlimə müsbət təsir göstərən rəqəmsallaşma və emissiyaların azaldılmasını sürətləndirmək və "yaşıl rəqəmsal texnologiya"ların əlçatanlığını artırmaq məqsədi daşıyır.
Azərbaycanda dövrün tələblərindən biri, yuxarıda qeyd edilmiş bütün istiqamətlərdə "yaşıl təhsil" sisteminin qurulması və inkişafından ibarətdir. Bu sahədə ilk addımlardan biri kimi, məsələlərə yeni, daha modern dünyagörüşü ilə yanaşılması, ali və orta ixtisas məktəblərində ümumən "ekologiya" ixtisası ilə yanaşı, "mühəndislik ekologiyası", "iqlim-menecment", "landşaft ekologiyası", "ekoloji hüquqşünaslıq", "ekoloji jurnalistika", "ekoloji urbanist" və s. kimi dar ixtisas sahələrində müxtəlif profilli iqlim mütəxəssislərinin hazırlanması vacibdir. Bu ideya təhsil, bacarıqlar, sağlamlıq və rifah halına, təhsil standartları vasitəsilə ekoloji savadlılığın artırılmasının təmin edilməsinə istiqamətlənmiş "İqlim davamlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü"ndə də özünə yer almışdır.
COP29-un müvafiq elm və təhsil sahələrinin inkişafına, cəmiyyətdə "yaşıl düşüncə" tərzinin təsbit olunmasına verəcəyi real təkanları qeyd etməklə yanaşı, digər məsələlərə də diqqət çəkilməlidir. COP29-la bağlı Azərbaycana gəlmiş on minlərlə xarici ölkə nümayəndəsi, KİV və vətəndaş cəmiyyəti, beynəlxalq təşkilat təmsilçiləri Vətənimizin təbii və antropogen landşaftlarının özəlliklərini, ölkənin siyasi sistemində və sosial-iqtisadi inkişafında qazanılmış nailiyyətləri, əhalinin sabitlik, əmin-amanlıq və rifah halında yaşayışını, dövlətin dini və etnik tolerantlığa əsaslanan dünyəvi quruluşunu, insanlarımızın xeyirxahlığı və qonaqpərvərliyini, yüksək mədəniyyətini öz gözləri ilə seyr etmək imkanı əldə edirlər. Bu isə Azərbaycan dövlətinin və xalqının beynəlxalq imicinin daha da yaxşılaşmasına, turizm sektorunun intibahına, ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşunun artmasına real töhfələr verəcəkdir.
Əminliklə demək olar ki, Azərbaycan Respublikası bütün digər sahələrdə olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün daim yüksələn insan kapitalı, iqtisadi gücü, elmi və texnoloji potensialı ilə qarşıya qoyulmuş bütün "yaşıl" prioritetlərə, ətraf mühit və biomüxtəlifliklə bağlı Davamlı İnkişaf Məqsədlərinə, COP29-un öhdəliklərinin, şüar və qərarlarının milli səviyyədə səmərəli icrasına ən qısa zamanda optimal şəkildə nail olacaq, "təmiz ətraf mühit və yaşıl artım ölkəsi"nə çevriləcəkdir.
İradə HÜSEYNOVA,
AMEA-nın vitse-prezidenti, akademik
“Azərbaycan” qəzeti