Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

25.12.2013 00:00
  • A-
  • A
  • A+

Botanika İnstitutunda AMEA-nın müxbir üzvü İbrahim Səfərovun 100 illiyi qeyd edilib

Botanika İnstitutunda AMEA-nın müxbir üzvü İbrahim Səfərovun 100 illiyi qeyd edilib

AMEA Botanika İnstitutunda Azərbaycanda meşəçilik elminin banilərindən biri, Təbiəti Mühafizə Cəmiyyətinin sədri, əmək və müharibə veteranı, AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Səfərovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov alimin şərəfli həyat yolundan, çoxşaxəli fəaliyyətindən, Azərbaycanda meşəçilik elminin inkişafındakı misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, İbrahim Səfərov yaşadığı müddətdə meşəşünaslıq, meşəçilik, yaşıllaşdırma sahəsində mühüm işlər görmüşdür. Onun əldə etdiyi elmi nəticələr Azərbaycanın hüdudlarından kənar da geniş yayılmışdır. İbrahim Səfərovun həyat yolu dərin nəzəri tədqiqatlarla praktiki məsələlərin həlli arasında ahəng yaratmış istedadlı alimin nümunəsidir.

Sonra AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, professor Validə Əlizadə görkəmli alimin həyatı, elmi və təşkilatçılıq fəaliyətindən bəhs edən məruzə ilə çıxış edib. Bildirib ki, İ.Səfərov 1934-cü ildə Ağamalıoğlu adına Bakı Kənd Təsərrüfatı texnikumunun Meşəçilik şöbəsini bitirdikdən sonra Tiflis şəhərindəki Zaqafqaziya Meşə-texniki İnstitutunda təhsilini davam etdirmiş, eyni zamanda bu müddətdə Ümumittifaq Hüquq İnstitutunu da qiyabi bitirmişdir. 1939-1940-cı illərdə Azərbaycan Xalq Komissarlığının Baş meşə-sənaye idarəsinə baş mühəndis, daha sonra isə Bakı Kənd Təsərrüfatı texnikumuna direktor vəzifəsinə təyin edilmişdir. 1952-1953-cü illərdə Azərbaycan Nazirlər Sovetinin sədr müavini və eyni zamanda, sovxozlar naziri vəzifəsində çalışmış, 1953-1961-ci illərdə respublikanın ən iri elmi-tədqiqat institutlarından biri olan Əkinçilik İnstitutuna rəhbərlik etmişdir. Onun rəhbərliyi altında institutda əkinçiliklə yanaşı, tərəvəzçilik, yemçilik, mexanizasiya, genetika, seleksiya sahələrinə dair geniş tədqiqat işləri də aparılmışdır.

V.Əlizadə qeyd edib ki, İ.Səfərov 1961-1965-ci illərdə Elmlər Akademiyasının Botanika İnstitutunda baş elmi işçi vəzifəsində çalışmış və sonrakı yaradıcılıq fəaliyyətini həmin institutunun meşəşünaslıq laboratoriyasına bağlamışdır. Onun elmi işinin əsas istiqamətini meşəşünaslıq, biogeosenologiya, ekologiya, bitkilərin sistematikası, yaşıllaşdırma və s. təşkil etmişdir. 1949-cu ildə “Dəmir ağacının bioekoloji xüsusiyyətləri və onun təsərrüfat əhəmiyyəti” mövzusunda namizədlik, 1961-ci ildə isə “Azərbaycanın 3-cü dövr qiymətli relikt ağac bitkiləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Alimin bir sıra tədqiqat işləri MAB-ın “İnsan və biosfer” proqramına uyğun olaraq Azərbaycanın dağ meşələrinin məhsuldarlığının artırılması, qorunması və bərpasına həsr edilmişdir. O, respublikada Aqromeşəmeliorativ rayonlaşdırılma planını hazırlamış, ölkəmizin regionları üzrə ağac növlərinin assortimentlərinin seçilməsi metodunu və meşəsiz rayonlarda meşə massivlərinin salınmasını elmi cəhətdən əsaslandırmışdır.

Bildirib ki, alimin rəhbərliyi altında terras üsulu ilə eroziyaya uğramış sahələrdə püstə, badam və başqa qozmeyvəlilərin plantasiyası yaradılmışdır. Onun əməyinin elmi axtarışları 200-dən çox elmi məqalə, o cümlədən 10 monoqrafiyada öz əksini tapmışdır. İ.Səfərovun rəhbərliyi altında 2 elmlər doktoru, 25-ə yaxın elmlər namizədi dissertasiyası müdafiə edilmişdir.

Professor İ.Səfərovun elm sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilmiş, “Respublikanın əməkdar meşəçisi” fəxri adına, “Şərəf nişanı ordeninə”, müharibədə iştirakına, elm və təsərrüfat sahəsindəki fəaliyyətinə görə 20-dən çox medala, Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin, SSRİ və Azərbaycanın müxtəlif təşkilatlarının “Fəxri fərmanlarına”, Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri sərgisinin qızıl, gümüş və bürünc medallarına, 1993-cü ilin fevralında isə “Qafqazın meşə bitkilərinin rayonlaşdırılması” işinə görə Ümumittifaq Elmi-tədqiqat Texniki İnstitutunun diplomuna layiq görülmüşdür.

Tədbirdə çıxış edən akademik Urxan Ələkbərov, professor Vaqif Novruzov, biologiya üzrə elmlər doktoru Kərəm Əsədov və başqaları alimlə bağlı xatirələrini bölüşüblər, İ.Səfərovu təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə ediblər.

Mərhum alimin ailəsi adından çıxış edən İ.Səfərov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda alimin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: