Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.11.2024 09:36
  • A-
  • A
  • A+

Yapon yazıçısı Kazuhisa Tobe və Akira Yanagihara Nizami Muzeyinin qonağı olublar

Yapon yazıçısı Kazuhisa Tobe və Akira Yanagihara Nizami Muzeyinin qonağı olublar

COP29 çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etmək üçün Azərbaycanda səfərdə olan Yapon yazıçısı, ssenarist Kazuhisa Tobe və karbon qazının zərərsizləşdirilməsi üzrə mütəxəssis Akira Yanagihara Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin  qonağı olublar.

Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi ilə maraqlanan yaponiyalı qonaqları  maraqlandıran sualları muzeyin Ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlı cavablandırıb. Muzeyin ekspozisiya  ilə tanış olan Kazuhisa Tobe  Nizami Gəncəvinin üç əsərinin yaponiyalı professor Emiko Akado tərəfindən yapon dilinə tərcümə edildiyini öyrəndikdə,  bu əsərləri tapıb oxuyacağını bildirib.

Teatr sənətinə yaxından bağlı olan yazıçı Həsən bəy Zərdabi tərəfindən Bakıda ilk müsəlman teatr truppasının yaradılmasını, həmçinin 1873-cü ildə ilk tamaşanın səhnələşdirilməsini alqışlayıb. Qədim köklərə malik  Kazuhisa Tobe, həmçinin ənənəvi rəqslərlə müşayiət olunan Kabuki Yapon teatrı üçün tamaşaların müəllifidir. Bu baxımdan Qobustan qayaüstü rəsmlərinə böyük maraq göstərən yazıçı Azərbaycan ərazisində yaşamış qədim insanların mədəniyyətinə, onların yaratdığı rəsmlərə heyranlığını gizlətməyib. Azərbaycan şifahi xalq ədəbiyyatında folklor nümunələri, mərasim nəğmələri, meydan tamaşaları,  xüsusən  Novruz mərasim oyunları haqqında məlumatlanan yazıçı, Yapon ədəbiyyatının və folklorunun zəngin ənənələri olduğunu qeyd edib.

Muzeydən xoş təəssüratla ayrılan Yapon yazıçısı, ssenarist Kazuhisa Tobe rəylər və təəssüratlar kitabına  muzeydə keçirdiyi bir günü həyatının ən gözəl günü kimi yaşadığını qeyd edib. Bildirib ki, Yaponiya ada ölkəsi olduğu üçün Yapon dili və mədəniyyəti başqa xalqların mədəniyyəti ilə o qədər də qaynayıb qarışmayıb. O, Azərbaycan haqqında dinlədiyi məlumatlardan  faydalandığını və səmimi ziyarət üçün təşəkkürünü yazıb.

Sonda qonaqlara xatirə olaraq muzeyin nəşrlərindən  hədiyyə  edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: