ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları k.ü.f.d., dos. Vüsalə Məcidzadə, k.ü.f.d. Sevinc Osmanova və k.ü.f.d. Sevil Xəlilova Amerika Kimya Cəmiyyətinin Qətər bölməsi və Kral Kimya Cəmiyyətinin birgə təşkilatçılığı ilə Qətərin paytaxtı Doha şəhərində keçirilən “Synergy for Sustainability: Advancing a Greener Future through Chemistry and Engineerin” (“Davamlı inkişaf üçün sinerji: kimya və mühəndislik vasitəsilə daha yaşıl gələcəyə doğru irəliləmək”) adlı I beynəlxalq konfransda iştirak ediblər.
Konfransın məqsədi elmin sərhədlərinin irəliləyişində əməkdaşlıq və innovasiya vasitəsilə qlobal problemlərin həllində mühüm mərhələlərə çatmaqdır. Beynəlxalq tədbir dünyanın hər yerindən gəlmiş peşəkarlar, tədqiqatçılar və sənaye liderləri üçün davamlı inkişafla bağlı aktual problemlərin müzakirəsi üçün platforma rolunu oynayacaq. Bu baxımdan, ətraf mühit və texnoloji tərəqqinin mürəkkəb mənzərəsini gəzərkən, daha yaşıl və daha davamlı gələcəyə yol açmaq üçün kimya və mühəndisliyin gücündən istifadə etmək çox vacib olduğundan, fənlərarası dialoq və kollektiv fəaliyyət vasitəsilə mənalı irəliləyiş əldə etməklə, innovasiya və davamlılığın yeni erasına başlamaq mümkündür.
Konfransda dünyanın müxtəlif ölkələrindən ABŞ-nin Nyu Cersi, Massaçusets, Corciya, Kaliforniya, Kolorado, İllinoys və s. ştatlarından, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Almaniya, Kanada, Sinqapur, Koreya, İsveçrə, Hindistan, Livan, Küveyt, Tailand, Oman, Yunanıstan, Macarıstan ölkələrinin alimləri müxtəlif mövzularda maraqlı məruzələrlə çıxış ediblər.
Konfransda S.Osmanova “Synthesis of Mn, Na, W containing catalysts based on mesoporous SiO2 for oxidative condensation of methane. Effect of structure - forming reagents” (“Metanın oksidləşdirici kondensasiyası üçün mezopor SiO2 əsasında Mn,Na,W tərkibli katalizatorların sintezi. Struktur əmələ gətirən reaktivlərin təsiri”), S.Xəlilova “Surface modification of pp by acrylic acid for preparation of Fe containing composites” (“Akril turşusu ilə modifikasiya olunmuş və tərkibində Fe olan polipropilen əsaslı kompozitlərin hazırlanması”) və V.Məcidzadə “Sb2Se3 thin-film electrocatalyst for water electrolysis” (“Suyun elektrolizi üçün Sb2Se3 nazik təbəqəşəkilli elektrokatalizatorı”) mövzularında məruzələr ediblər.
Konfransın keçirildiyi 3 gün ərzində müxtəlif dünya ölkələrindən olan alimlərin apardığı elmi diskussiyalar, sual-cavablar onların gələcəkdə birgə elmi fəaliyyətləri üçün böyük töhfə olacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.