Yanvarın 25-də “Shah Palace Baku” otelində dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Elsevier” əməkdaşlıq etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu ilə birlikdə ilk dəfə olaraq “SCOPUS Mükafatları”nı təqdim etmək məqsədilə tədbir keçirib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev təqdimatların əhəmiyyətindən söz açıb, ölkəmizdə elmin inkişafına dövlət tərəfindən göstərilən qayğını xüsusi vurğulayıb.
Bildirib ki, “SCOPUS Mükafatı Azərbaycan-2016” “Elsevier”in qlobal təşəbbüslərindən biridir və ölkədə bütün elm sahələri üzrə araşdırmaları daha da təkmilləşdirmək, elmi tədqiqatçıların və təşkilatların səylərini dəstəkləmək üçün təşkil edilib. “SCOPUS Mükafatı Azərbaycan-2016” ölkəmizdə aparılan araşdırma və tədqiqatlar üzrə ən dəyərli nəticələr alan, nüfuzlu nəşrlərdə məqalələr çap etdirən və beynəlxalq səviyyədə əməkdaşlıq edən qurumları, həmçinin akademik jurnalları önə çəkmək, Azərbaycan alimlərini motivasiya etmək və onlara akademik fəaliyyətlərində stimul vermək məqsədini daşıyır.
Qeyd olunub ki, “SCOPUS Mükafatı Azərbaycan-2016” iki istiqamədə (Araşdırmalar və Elmi Jurnal üzrə Yüksək Müvəffəqiyyət Mükafatları) bir neçə nominasiya üzrə nəzərdə tutulub.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, “Elsevier” nəşriyyatının daxil olduğu “RELX” qlobal şirkətlər qrupunun korporativ əlaqələr və Asiya strategiyası üzrə direktoru Youngsuk Chi, Təhsil nazirinin müavini Ceyhun Bayramov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev təqdimatların əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətini yüksək dəyərləndiriblər.
Vurğulanıb ki, bu təqdimatlar Azərbaycanın dünya elminə inteqrasiya etdiyini və əldə etdiyi beynəlxalq təcrübə ilə mühüm nailiyyətlərə imza atdığını bir daha təsdiqləyir.
Məlumat verilib ki, “Elsevier” aralarında “ScienceDirect”, “SCOPUS”, “Elsevier Research İntelligence” və “Clinical Key”in olduğu veb-bazalı, rəqəmsal həllər və “The Lancet” və “Cell” kimi məşhur nəşrləri əhatə edən təxminən 2500 jurnal və 33000-dən çox elektron kitabı elmi tədqiqatçıların istifadəsinə təqdim edir. “Elsevier” “RELX Group” şirkətlərindən biridir. “RELX” elm, səhiyyə, hüquq və risk sektorları üçün fərqli həlləri təmin edən və dünya liderlərindən olan informasiya həlləri təminatçısıdır.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış 4 elmi-tədqiqat qurumuna (Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA-nın Fizika və Riyaziyyat və Mexanika institutları), həmçinin 5 elmi jurnala beynəlxalq qiymətləndirmə meyarlarına əsasən mükafatlar təqdim olunub. Elmi jurnallardan “Applied and Computational Mathematics” (2012-2014-cü illər üçün SNIP orta qiyməti 1,041) fizika-riyaziyyat elmləri sahəsində, “Azerbaijan Journal of Mathematics” (2012-2014-cü illər üçün SNIP orta qiyməti 1,024) fizika-riyaziyyat elmləri sahəsində ciddi inkişaf etməkdə olan jurnal nominasiyasında, “Journal of Language and Literature” (2012-2014-cü illər üçün SNIP orta qiyməti 0,79) sosial elmlər sahəsində, “SOCAR Proceedings” Korporativ Elmi Jurnal Yüksək Müvəffəqiyyət Mükafatı nominasiyasında, “Azerbaijan Pharmaceutical and Pharmacotherapy Journal” (2012-2014-cü illər üçün SNIP orta qiyməti 0,122) tibb elmləri sahəsində ciddi inkişaf etməkdə olan jurnal nominasiyasında qalib elan olunublar.
Həmçinin SCOPUS və SciVal bazaları əsasında seçimin nəticələrinə əsasən Azərbaycanda elmin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu xüsusi mükafatlarla təltif olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir