Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.11.2024 14:20
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti Naxçıvan Bölməsində institutların hesabatını dinləyib

AMEA-nın prezidenti Naxçıvan Bölməsində institutların hesabatını dinləyib

AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələri 2024-cü il üzrə elmi və elmi təşkilati fəaliyyətləri barədə hesabatı təqdim ediblər.

Bununla əlaqədar keçirilən hesabat iclasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli iştirak edib.

Əvvəlcə bölmə əməkdaşlarının il ərzində çap olunmuş elmi əsərlərindən ibarət sərgiyə baxış olub.

Hesabat iclasını AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Bölmə sədri bildirib ki, elmi-tədqiqat müəssisələrinin hər il keçirilən hesabat iclasları aparılan araşdırmaların nəticələrin təhlili baxımından faydalı olmaqla yanaşı, həm də növbəti il üçün fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir.

Akademik İsmayıl Hacıyev cari ildə Naxçıvan Bölməsində əldə olunan yekun nəticələr, nəşr olunan elmi əsərlər barədə məlumat verərək builki göstəriciləri ötən ilin göstəriciləri ilə müqayisə edib. Cari ildə hesabatın hazırlanmasında tətbiq olunan yenilikləri diqqətə çatdırıb. Elmmetrik bazalarda bölmə alimlərinin, eləcə də gənc tədqiqatçıların fəallığının artırılmasına yönəlik görülən işləri, elmi əsərlərə artan istinad sayını qeyd edib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, həmçinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı ölkə başçısının imzaladığı müvafiq Sərəncamla bağlı keçirilən elmi konfrans və tədbirləri, nəşr olunan əsərləri nəzərə çatdırıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Akademiyanın hazırda çoxtərəfli yeniləşmə prosesindən keçməsindən, bu dövrün əməkdaşlar üzərinə qoyduğu məsuliyyətdən bəhs edib. Akademiyada tətbiq olunan yeniliklər, yeni yaradılan şöbələr barədə ətraflı danışan İsa Həbibbəyli vurğulayıb ki, aparılan islahatlar zamanın tələbi və ölkə maraqlarına uyğun olaraq reallaşdırılmalıdır.

Akademiyada rəqəmsallaşma ilə bağlı tədbirləri, Elektron Akademiya şöbəsinin fəaliyyətini diqqətə çatdıran AMEA-nın prezidenti Naxçıvan Bölməsində bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. İlin sonuna kimi AMEA-nın tam şəkildə Elektron dövriyyə sisteminə keçəcəyini xatırladıb.

Akademik İsa Həbibbəyli çıxışı zamanı alimlər qarşısında bir sıra vəzifələr müəyyənləşdirib. Vurğulanıb ki, Azərbaycanşünaslıq istiqamətində araşdırmaların aparılması AMEA-nın fəaliyyətinin əsasını təşkil edir. Bu fəaliyyətin davamı olaraq ədəbi, tarixi şəxsiyyətlərlə bağlı tədqiqatların əhatə dairəsi genişləndirilməli, mövzu ilə bağlı aparılan araşdırmalar kitab və monoqrafiya halında çap olunmalıdır. Eyniləşdirməyə yol vermədən, müasir dövrün tələbləri səviyyəsində yeni istiqamətlər müəyyənləşdirilməli, bəşəri dəyərlər və ölkənin maraqları nəzərə alınmaqla fəaliyyət təmin olunmalıdır. Bu fəaliyyət forma və məzmunca yeniləşmə dövrünü yaşayan AMEA-nın fəaliyyət istiqamətlərindən biri və başlıca olanıdır.

Bununla yanaşı xarici dillərdə məqalə dərcinə diqqət artırılmalı, aparılan elmi araşdırmaların beynəlxalq elmi ictimaiyyətə çatdırılması diqqətdə saxlanılmalıdır. “Scopus” və “Web of Science” elmi bazalarında məqalə dərci xüsusi diqqətdə saxlanmalıdır. Sevindirici haldır ki, sayca kiçik kollektivlə fəaliyyət göstərən Naxçıvan Bölməsində 2024-cü ildə “Scopus” və “Web of Science” elmmetrik bazalarına daxil olan 7 məqalə dərc olunub. Bu, Naxçıvan Bölməsinin uğuru olmaqla yanaşı, bölmənin düzgün qurulan fəaliyyətinin nəticəsidir.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev təmsil etdiyi elmi-tədqiqat müəssisəsinin 2024-cü ildəki elmi və elmi təşkilati fəaliyyəti barədə hesabatı təqdim edib.

Professor bildirib ki, cari ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi-tədqiqat işləri 1 istiqamət, 1 problem və 1 mövzu ətrafında 7 iş üzrə 14 mərhələdə aparılmışdır. Hesabat dövründə bölgənin tarixinin müxtəlif problemlərinə - Naxçıvanın arxeologiyası, etnoqrafiyası və epiqrafiyasına dair araşdırmalar həyata keçirilmişdir. İl ərzində institut əməkdaşlarının 8 monoqrafiya, 1 metodik vəsait, 66 elmi məqalə, 45 konfrans materialı olmaqla 120 elmi əsəri nəşr olunmuşdur. Əsərlərdən 1-i “Web of Science” elmi bazasında , 4-ü impakt faktorlu jurnallarda dərc edilmişdir. Ümumilikdə 17 əsər xaricdə nəşr olunmuş, əməkdaşların 37 qəzet məqaləsi işıq üzü görmüşdür.

2024-cü ildə institutun 2 əməkdaşı elmlər doktorluğu dissertasiyalarını uğurla müdafiə etmiş, 3 nəfər gənc əməkdaş Türkiyə Respublikasında doktorantura təhsil pilləsinə qəbul olunmuşdur.

Hesabat dövründə Bülövqaya, I və II Xələc yaşayış yerlərində iki arxeoloji ekspedsiyanın fəaliyyəti təmin olunmuş, aparılan arxeoloji tədqiqatlar nəticəsində yeni fakt və materiallar əldə olunmuşdur.

İnstitutun beynəlxalq əlaqələrindən danışan professor Vəli Baxşəliyev bildirib ki, Tarix, Etnioqrafiya və Arxeologiya İnstitutu ABŞ-nin Pensilvaniya Universiteti, Avstraliyanın Monaş Universiteti, Türkiyənin Samsun, İstanbul, Erzurum və Kars Universitetləri ilə əməkdaşlığını davam etdirmişdir. ABŞ ilə birgə “Naxçıvanın Dəmir dövrü abidələrinin tədqiqi”, Avstraliya İttifaqı ilə birgə “Naxçıvanın Orta Tunc dövrü abidələrinin öyrənilməsi” layihələri qəbul olunmuşdur. Samsun Universiteti ilə birgə 2 layihə hazırlanaraq TUBİTAK-ın elan etdiyi qrant layihə müsabiqəsinəsinə təqdim edilmişdir. İnstitutun 2 nəfər əməkdaşı tərəfindən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Rusiya Dövlət Tarix Arxivindən XIX-XX əsrlər üzrə Naxçıvan tarixinə dair 85 arxiv sənədi toplanaraq Naxçıvana gətirilmişdir.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev rəhbəri olduğu elmi-tədqiqat müəssisəsinin cari ildəki elmi və elmi təşkilati fəaliyyəti barədə məlumat verib. Bildirib ki, institutda 1 prоblem və 1 mövzunu əhatə edən 7 üzrə 16 mərhələdə elmi-təd­qiqat işləri aparılmışdır.

Hesabat ilində institut əməkdaşlarının 182 elmi əsəri, o cümlədən 3 monoqrafiyası, 3 kitabı, 113 elmi məqaləsi, 61 konfrans materialı, 2 tezisi çap olunmuşdur. Əsərlərdən 28-i xaricdə,  55-i beynəlxalq kodlu nüfuzlu jurnallarda nəşr edilmişdir. Məqalələrdən 5-i “Web of Science”, 1-i “Scopus”, 1-i Ulakbim elmmetrik bazala­rında olmaqla 8-i impakt faktorlu jurnallarda çap edilmişdir. İnstitutun “Axtarışlar” jurnalının üç nömrəsinin müasir tələblərlə nəşri təmin edilmiş, əməkdaşların qəzet və saytlarda 143 məqаləsi işıq üzü görmüşdür.

Akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə Naxçıvan Mux­tar Respublikasının 100 illiyi ilə əlaqədar “Naxçıvan ədəbi mühiti” fundamental kitabı nəşrə hazırlanmış, 29 icmal və oçerk tərtib edilmişdir. Hesabat dövründə “Taleyi və sənəti” seriyası üzrə “Hüseyn Razi: taleyi və sənəti” və “Böyük Azərbaycan şairi Məhəmməd Füzuli” məqalələr topluları nəşr olunmuşdur.

İnstitutun 2 əməkdaşının elmlər doktorluğu dissertasiyalarının seminarı keçirilmiş və müdafiəyə buraxılmışlar.

Bölmənin Əlyazmalar Fоndunun 2024-cü ildəki elmi və elmi təşkilati fəaliyyəti barədə hesabatını Fondun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov təqdim edib. Bildirib ki, hesabat ilində elmi-tədqiqat işləri plana uyğun olaraq 1 prоblem, 1 mövzuya daxil оlmaqla 3 iş üzrə 4 mərhələdə yerinə yetirilmişdir. Fоnd əməkdaşlarının 1 monoqrafiya, 2 kitab, 28 məqalə, 12 konfrans materialı, 2 tezis olmaqla 45 elmi əsəri çap olunmuşdur. Əsərlərdən 7-si xaricdə, elmi məqalələrdən 21-i beynəlxalq kodlu jurnallarda nəşr edilmişdir ki, onlardan 3-ü impakt faktorludur. İl ərzində fond əməkdaşlarının 12 qəzet məqaləsi dərc olunmuşdur.

Şahbuz rayonuna ekspedisiya zamanı 1 qədim çap kitabı əldə edilmiş və qeydiyyata alınmışdır. Həmçinin filologiya elmləri doktoru Fərman Xəlilovun hədiyyə etdiyi 1 qədim çap kitabı da fondun balansına daxil edilmişdir. Beləliklə, fondda mühafizə olunan əlyazma və çap kitablarının ümumi sayı 640 ədəd olmuşdur.

Hesabat ilində Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin fondda təcrübədə olan “Tərcümə” (Ərəb-Azərbaycan) və “Tərcümə” (Fars-Azərbaycan), Beynəlxalq münasibətlər və hüquq fakültəsi əyani şöbəsinin “Fəlsəfə”, “Naxçıvan” Universiteti Xarici dillər fakültəsinin “Dinşünaslıq” ixtisaslarının IV kurs tələbələrinə fond əməkdaşları tərəfindən elmi-metodiki məsləhətlər verilmişdir.

Fondun 1 əməkdaşının fəlsəfə doktorluğu dissertasiyasının ilkin müzakirəsi keçirilmişdir.

Sonra hesabat məruzələri üzrə müzakirələr aparılıb. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, Bölmənin Aparatının Beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova çıxış edərək təqdim olunan hesabatlara münasibət bildirib, təklif və mülahizələrini səsləndiriblər.

İclasda AMEA-nın prezidenti İsa Həbibbəyli yekun nitqi söyləyib. Akademik təqdim olunan hesabatlar barədə qənaətlərini bölüşərək müsbət fikirlərini ifadə edib, bölmə əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: