AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Elmi şurasının növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi t.ü.f.d. Valeh Ələkbərov, Elmi şura üzvləri, elmi işçilər və aidiyyəti şəxslər iştirak ediblər.
İclası açan Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü Elmi şura iştirakçılarını salamlayıb, gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Direktor gündəlikdəki ilk məsələ - AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli qərarının icrası ilə bağlı Şəki REM-in hesabatını təqdim edib. O, Şəki REM-də fəaliyyət göstərən 8 elmi elmi şöbənin 2024-cü ildəki mühüm elmi nəticələri haqqında ətraflı məlumat verib. Yusif Şükürlü cari ildə rəhbərlik etdiyi mərkəzdə 9 kitabın çap edildiyini, əməkdaşların 34 elmi məqaləsindən 19-nun xaricdə, 5-nin “Web of Science”da dərc olunduğunu bildirib, həmçinin 2 nəfər dissertantın fəlsəfə doktoru proqramı üzrə elmi işini müdafiə etdiyini diqqətə çatdırıb.
Gündəlikdəki ikinci məsələ olan Şəki REM-in İctimaiyyətlə əlaqələr şöbəsinin 2024-cü il üçün hesabatını sözügedən şöbənin rəhbəri Reyhan Mənəfova təqdim edib. Məruzəçi qeyd edib ki, shrem.az saytındakı və onun “Facebook” səhifəsindəki məlumatlar hesabat dövründə daim yenilənib. O, mərkəzin “Elm”, “Elm və həyat”, “Şəki bələdiyyəsi”, “Region mediası” qəzet və jurnalları, eləcə də AzTV, ATV, Space, Baku TV, APA TV, Kanal S telekanalları, AzərTac İnformasiya Agentliyi, eyni zamanda onlarla elmi, pedaqoji müəssisələrlə, media qurumları ilə əməkdaşlıq etdiyini bildirib.
Daha sonra Şəki REM-in elmi katibi Vəfa Atayeva mərkəzin 2025-ci il üzrə elmi-tədqiqat işlərinin əhatəli planının təsdiq edilməsi haqqında məlumat verib. O, 8 şöbə üzrə 6 elmi-tədqiqat işini səsləndirib, müzakirələr aparılıb, əlavə və dəyişikliklər edilib.
Sonda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı Valeh Ələkbərov çıxış edərək dəvət üçün təşəkkürünü bildirib. O, Şəki REM-in 2024-cü ildəki elmi və ictimai fəaliyyəti ilə bağlı illik hesabatını müsbət qiymətləndirib və mərkəzin əməkdaşlarına bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.