AMEA-nın Naxçıvan Bölməsinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası olub.
Tədbirdən öncə bölmə əməkdaşlarının il ərzində nəşr olunan əsərlərindən ibarət sərgiyə baxış olub.
Hesabat iclasını AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik çıxışı zamanı 2024-cü ilin göstəricilərini ötən ilin göstəriciləri ilə müqayisə edib, əldə olunan yekun nəticələr, nəşr olunan elmi əsərlər barədə məlumat verib. Hesabatın hazırlanmasında tətbiq olunan yenilikləri diqqətə çatdırıb. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, həmçinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və dahi şair Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı keçirilən elmi konfrans və tədbirləri, nəşr olunan əsərləri diqqətə çatdırıb.
Daha sonra AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin 2024-cü ildəki fəaliyyəti, yerinə yetirilən elmi və elmi-təşkilati işlərlə bağlı yekun hesabatı təqdim edib.
Orxan Bağırov bildirib ki, 2024-cü ildə təsdiq edilmiş plana uyğun olaraq elmi-tədqiqat işləri 1 akademik, 2 müxbir üzv, 4 elmlər dоktоru, 17 fəlsəfə dоktоru оlmaqla 34 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilmişdir.
Bölmənin 2 nəfər əməkdaşına Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmlər doktoru elmi dərəcəsi verilmişdir. İki nəfər elmlər doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, 2 doktorluq dissertasiyasının seminarı keçirilmiş, işlər müdafiəyə buraxılmış, 1 nəfərin doktorluq dissertasiya işinin müzakirəsi keçirilmişdir.
2024-cü ildə Bölmə əməkdaşlarının 10 monoqrafiyası, 8 kitabı, 1 metodik vəsaiti, 207 elmi məqaləsi, 118 konfrans materialı, 4 tezisi olmaqla 348 elmi əsəri çap olunmuşdur. Əsərlərdən 57-si xaricdə nəşr edilmiş, 141 elmi məqalə beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxmışdır. Məqalələrdən 6-sı Web of Science, 2-si Scopus, 1-i Ulakbim elmmetrik bazalarında olmaqla 15-i impakt faktorlu jurnalda çap edilmişdir.
Hesabat ilində “Elmi əsərlər” jurnalının 2, “Axtarışlar” jurnalının isə 3 nömrəsi çapdan çıxmışdır. Hər iki jurnalda çap olunan məqalələr DOİ rəqəmsal identifikatoru ilə təmin olunmuşdur. Əməkdaşların 192 qəzet məqaləsi işıq üzü görmüşdür.
Akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar “Naxçıvan ədəbi mühiti” fundamental kitabı nəşrə hazırlanmış, 29 icmal və oçerk tərtib edilmişdir. “Taleyi və sənəti” seriyası üzrə “Hüseyn Razi: taleyi və sənəti” adlı kitab, “Görkəmli Azərbaycan şairi Məhəmməd Füzuli” adlı məqalələr toplusu çap olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibəti ilə bir beynəlxalq konfrans, bir respublika konfransı, 15 elmi konfrans, 8 tədbir, 5 təqdimat keçirilmişdir. “Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” beynəlxalq konfransının və “Şərqin qapısı - qədim diyar” konfransının materialları çap olunmuşdur.
Məruzəçi diqqətə çatdırıb ki, bölmədə çalışan 38 əməkdaşın “Google scholar” elmmetrik bazasında hesabları yaradılmış, bölmə alimlərinin əsərlərinin elektron variantlarının internet resurlarına yüklənməsi, habelə digər elmi bazalarda hesabların yaradılması işi icra olunmuşdur.
2024-cü ildə AMEA Naxçıvan Bölməsi Türkiyə, ABŞ, Avstraliya, Rusiya, Qazaxıstan və Polşanın elm və təhsil müəssisələri və bir çox ölkələrin alimləri ilə sıx elmi əlaqələrdə оlmuş, səmərəli əməkdaşlıq etmişdir. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun ABŞ ilə birgə “Naxçıvanın Dəmir dövrü abidələrinin tədqiqi”, Avstraliya İttifaqı ilə birgə “Naxçıvanın Orta Tunc dövrü abidələrinin öyrənilməsi” adlı layihələri qəbul olunmuşdur. Samsun Universiteti ilə birgə 2 layihə hazırlanaraq TUBİTAK və AMEA-nın elan etdiyi qrant layihə müsabiqəsinə təqdim edilmişdir.
Cari ilin iyun ayında institutun 2 nəfər əməkdaşı tərəfindən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Rusiya Dövlət Tarix Arxivindən XIX-XX əsrlər üzrə Naxçıvan tarixinə dair 82 arxiv sənədi toplanaraq Naxçıvana gətirilmişdir.
Hesabat dövründə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu əməkdaşları tərəfindən Babək rayon Göynük kəndi ərazisində “Bülövqaya” yaşayış yerində və Şərur rayonu Xələc kəndində “Xələc” arxeoloji ekspedisiyası qazıntı aparmış, yeni fakt və materiallar əldə olunmuşdur.
Vikipediya azad ensiklopediyasında Naxçıvan Muxtar Respublikası ilə bağlı “100 illik yubiley” başlığı yaradılmış, yubiley ili çərçivəsində Naxçıvanla bağlı 30-a yaxın məqalədə redaktə və genişləndirmə işləri aparılmış, “Naxçıvan Muxtar Respublikası mövzularda” şablonu tərtib edilərək bir xüsusi bölmədə toplanmışdır. Bölmə əməkdaşlarının da işə cəlb olunması ilə Naxçıvanla bağlı məlumatlar alimlərin elmi məsləhətləri əsasında yenilənmiş, mövcud məqalələrə yeni əlavələr və dəyişikliklər edilmişdir. Kompleks fəaliyyətin nəticəsi olaraq Naxçıvanda aparılan arxeoloji tədqiqatlar, bölgənin tarixi, memarlığı, mədəniyyəti, ədəbiyyatı, musiqisi, teatrın inkişafı, təbiəti, müasir dövrü və başqa mövzuları əhatə edən 19 başlıqda redaktə işləri aparılmışdır. Memar Əcəmi Naxçıvaninin UNESCO çərçivəsində qeyd olunan yubileyi ilə əlaqədar “Əcəmi Naxçıvaninin 900 illik yubileyi” adlı başlıq əlavə edilmiş, görkəmli rəssam Bəhruz Kəngərli haqqında məqalələr redaktə edilərək genişləndirilmiş, 30-a yaxın əsərinin fotoşəkli Vikimediaya yüklənmişdir.
İl ərzində bölmənin Elmi Kitabxanasına 1383 ədəd çap məhsulu daxil olmuşdur. 3 yeni kartoteka yaradılmış, 9 virtual sərgi təşkil olunmuşdur. “Naxçıvan-100” adlı daycest hazırlanmışdır.
Məruzədən sonra Rəyasət Heyətinin üzvlərindən AMEA-nın müxbir üzvləri Hacıfəxrəddin Səfərli, Əbülfəz Quliyev və Vəli Baxşəliyev çıxış edərək təqdim olunan hesabatın qəbul edilməsini təklif ediblər.
Sonda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elçi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl 2024-cü ildə elm sahəsindəki nailiyyətlərinə görə “İlin alimi” fəxri adına layiq görülmüş və diplomla təltif olunmuşlar. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov isə çoxillik səmərəli elmi fəaliyyətinə və “Naxçıvan etnoqrafiyası”nın hazırlanmasındakı xidmətlərinə görə AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif edilib.
Yığıncağa bölmənin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.