Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib.
Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbirdə AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi texnika elmləri üzrə fəlsəfə doktoru Rəna Qasımova, “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və nəşriyyatın əməkdaşları iştirak ediblər.
Müəssisənin hesabat məruzəsini S.Qəhrəmanov təqdim edib. Nəşriyyatın 2024-cü ildə fəaliyyətini ölkə Prezidenti İlham Əliyevin, Nazirlər Kabinetinin, AMEA-nın müvafiq qərar və sərəncamlarına əsasən davam etdirdiyini bildirən direktor hesabat tərtib olunarkən AMEA-nın Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli müvafiq qərarının əsas götürüldüyünü əlavə edib. Vurğulayıb ki, nəşriyyat cari il üçün müəyyən olunmuş tematik plana əsasən elmin ayrı-ayrı sahələrinə dair monoqrafiyalar, seçilmiş əsərlər, soraq-məlumat ədəbiyyatları, çoxcildlik əsərlər, elmi-kütləvi kitablar, biblioqrafik göstəricilər, elmi jurnallar və s. çap edib.
Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamını xatırladan məruzəçi müvafiq sənədə əsasən nəşriyyatda “Azərbaycanın bitki örtüyü” monoqrafiyası, “Azərbaycan ekologiyası” adlı biblioqrafik göstərici, “Qlobal ekoloji problemlər”, “Təbiət də bir kitabdır”, “Ecoethics problems of Azerbaijan: scientific, legal, moral aspects” adlı kitabları, “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfransın materialları və s. nəşrlərin işıq üzü gördüyünü söyləyib. Müəssisədə “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından elmimizin inkişafında böyük xidmətləri olan görkəmli alimlərə həsr edilmiş 20-ə yaxın biblioqrafik göstərici, həmçinin çoxcildlik əsərlər, müxtəlif sahələrə dair monoqrafiyalar və digər nəşrlər də çap olunub.
AMEA-da nəşriyyat fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində görülən işlərdən danışan S.Qəhrəmanov bildirib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin apardığı islahatlar, “Elm” nəşriyyatına göstərdiyi diqqət və qayğı nəticəsində müəssisə fəaliyyətini zamanın tələbləri əsasında qurmuş, maddi-texniki bazası təkmilləşdirilmişdir. Belə ki, akademik İsa Həbibbəylinin tapşırığı ilə Yaponiya istehsalı “Ryobi 524 HE” dördrəngli ofset çap maşını, Almaniya istehsalı “Polar 78E” kəsim maşını, “Schmedt Praform” markalı kitab cildləyən maşın, “ZM-Sx460e” markalı yüksəksürətli sapla tikiş maşını, kompüterlər və s. alınıb, mətbəənin ərazisi iki dəfəyə yaxın genişləndirilib, redaksiyalar üçün əlavə iş otaqları ayrılıb.
S.Qəhrəmanov 24-31 may tarixlərində Bakıda təşkil olunmuş III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında, eləcə də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın iştirak etdiyini diqqətə çatdırıb. Həmçinin nəşriyyat Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştiraka görə sertifikata layiq görülüb.
İclasda bildirilib ki, nəşriyyat beynəlxalq əlaqələr istiqamətində fəaliyyətini uğurla davam etdirib. Özbəkistanda səfərdə olmuş direktor S.Qəhrəmanov Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin “Özbəkistan nəşriyyatı”nın direktoru Umidjon Hayitov və baş redaktoru Muhiddin Omanov, həmçinin bu ölkənin “Niso Poligraf” nəşriyyatının direktoru Elyor Ahmedov ilə görüşüb. Bu görüşlər çərçivəsində nəşriyyat və kitab sənayesi sahəsində aktual məsələlər, həmçinin nəşriyyatlar arasında əməkdaşlıq əlaqələri müzakirə olunub. S.Qəhrəmanov 27-30 may tarixlərində Özbəkistanda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə keçirilmiş “Əlişir Nəvai və Məhəmməd Füzuli: Özbəkistan-Azərbaycan ədəbi əlaqələri” adlı beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib və sertifikata layiq görülüb.
Hesabat ilində “Elm” nəşriyyatının Avropa Elmi Redaktorlar Assosiasiyası (EASE) ilə əməkdaşlığı uğurla davam etdirilib. Elmi tədqiqatların səmərəliliyinin artırılması işinə töhfə vermək məqsədilə EASE Azərbaycan bölməsində bir sıra tərcümə məqalələri yerləşdirilib. S.Qəhrəmanov Azərbaycan bölməsinin rəhbəri kimi qurumun il ərzində keçirdiyi “EASE-nin 14-cü Baş Assambleya və Konfransı”, “Texnologiya və dil modelləri ilə bağlı EASE panel müzakirəsi”, “Elmi jurnallarının redaktorları və naşirləri üçün seminar” və digər tədbirlərdə onlayn şəkildə iştirak edib. EASE Azərbaycan bölməsinin cari ildəki aktiv fəaliyyətini yüksək qiymətləndirib və bölmənin sədri Səbuhi Qəhrəmanov Nəşr Etikası Komitəsinə (COPE) üzv seçilib.
Müəssisənin əməkdaşlarının nailiyyətlərindən də danışan S.Qəhrəmanov bildirib ki, “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyev bu il 16-19 avqust tarixlərində Rusiya Federasiyasının Çuvaşiya Respublikasının paytaxtı Çeboksarı şəhərində ezamiyyətdə olub. O, səfər çərçivəsində Çuvaşiya Respublikasının Milli, eləcə də Uşaq və Gənclər Kitabxanalarını ziyarət edib, elm, mədəniyyət və kitab sənayesi nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə təcrübə mübadiləsi aparılıb, əməkdaşlıq üçün mümkün perspektivlər müzakirə olunub. V.Haqverdiyev IX Beynəlxalq Təhsil Teatrları Festival-Forumunda və “Nağıllar karuseli” V Beynəlxalq Kukla Teatrları Festivalında da iştirak edib, Çuvaş Respublikasının (Rusiya Federasiyası) Mədəniyyət, Milli İşlər və Arxiv İşləri Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif olunub.
2024-cü ildə AMEA-nın yeni loqotipinin – embleminin hazırlanması üçün keçirilmiş müsabiqədə “Elm” nəşriyyatının baş dizayneri Şəlalə Rüstəmova da iştirak edib. Nəşriyyat əməkdaşının müəllifi olduğu ümumiləşdirilmiş loqo qalib seçilərək Rəyasət Heyətinin qərarı ilə Akademiyanın yeni loqosu kimi təsdiq olunub.
Həmçinin nəşriyyatın iki əməkdaşı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransının (COP29) 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanın ev sahibliyi ilə Bakıda keçirilən tədbirində yaxından iştirak edib və BMT tərəfindən sertifikata layiq görülüblər.
S.Qəhrəmanov müəssisənin cari ildəki nəşr fəaliyətini əks etdirən bir sıra məlumatları da diqqətə çatdırıb.
Sonda hesabat ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb. Nəşriyyatın cari ildəki fəaliyyəti yüksək qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.