Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.12.2024 16:22
  • A-
  • A
  • A+

Fizika İnstitutunun 2024-cü il üzrə hesabat iclası keçirilib

Fizika İnstitutunun 2024-cü il üzrə hesabat iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun elmi və elmi təşkilati fəaliyyətinə həsr olunan hesabat iclası keçirilib.

İclasda AMEA-nın vitse prezidenti, Fizika-Riyaziyyat Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının sədri, akademik Rasim Əliquliyev iştirak edib.

Tədbiri institutun baş direktoru, akademik Arif Həşimov açaraq qeyd edib ki, 2024-cü ildə Fizika İnstitutunun əməkdaşları səmərəli elmi fəaliyyət göstərib, müəssisənin profil istiqamətləri üzrə araşdırmalar aparıb və elmi-tədqiqat planında nəzərdə tutulan bütün işləri yerinə yetiriblər.

Hesabatı institutun icraçı direktoru, professor Hüseyn İbrahimov təqdim edib. O, hesabat ilində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının icrası ilə əlaqədar görülmüş işlər haqqında məlumat verib.

H.İbrahimov 2024-cü ildə fundamental və tətbiq xarakterli elmi-tədqiqat işlərinin yerinə yetirilməsində 5 akademik, 3 müxbir üzv, 53 elmlər doktoru, 135 fəlsəfə doktoru, 302 elmi işçi, o cümlədən 12 doktorant və 48 (8 fəlsəfə doktoru, 40 elmlər doktoru) dissertantın iştirak etdiyini bildirib. Qeyd edib ki, elmi-tədqiqat işləri 3 istiqamətdə (Kondensə  olunmuş hal fizikası, optoelektronikanın fiziki-texniki əsasları; nüvə fizikası və  yüksək enerjilər fizikası, energetikanın fiziki-texniki problemləri) aparılıb.

Hesabat ilində institutun əməkdaşları tərəfindən 47 mühüm nəticə əldə olunub. H.İbrahimov qeyd edib ki, institutda yüksəkixtisaslı elmi kadrların hazırlanması doktorantura və dissertantura yolu ilə həyata keçirilir. O, hazırda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturada 12 nəfərin (11-əyani, 1-qiyabi); fəlsəfə doktoru hazırlığı üzrə dissertanturada 8 nəfərin; elmlər doktoru hazırlığı üzrə dissertanturada isə 40 nəfərin təhsil aldığını bildirib.

Qeyd edək ki, hesabat ilində institutun əməkdaşları tərəfindən 456 (xaricdə-275, respublikada-181) məqalə çap edilib. Əməkdaşların Web of Science və  Scopus bazalarında dərc olunmuş İmpakt faktorlu məqalələrinin sayı 244-dür, məqalələrə istinad isə Google Scholarda-17993, TR-7882-dir.

O, 2024-cü ildə institutun alimləri tərəfindən 2 kitab (1-i xaricdə) dərc edildiyini  bildirib.

H.İbrahimov hesabat məruzəsində fundamental elmlə təhsilin əlaqəsi, beynəlxalq elmi əlaqələr, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti, beynəlxalq və digər qrantlar, konfranslar, simpoziumlar, seminarlar haqqında ətraflı məlumat verib.

Sonda AMEA-nın vitse prezidenti, FRTEB-in Elmi şurasının sədri, akademik Rasim Əliquliyev, Şuranın üzvləri, akademik Cavad Abdinov, AMEA-nın müxbir üzvləri Səlimə Mehdiyeva və Vəli Hüseynov tövsiyə və təkliflərini irəli sürüblər və institutun hesabatının qənaətbəxş olduğunu bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: