Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.12.2024 13:45
  • A-
  • A
  • A+

MEK-də Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

MEK-də Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Zəmanəmizin böyük azərbaycanlısı” adlı tədbir keçirilib.

Elm xadimləri, MEK rəhbərliyi və əməkdaşların iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım tədbirini giriş nitqi ilə açan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin inkişafı naminə böyük işlər görmüş Ulu Öndərin hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olduğunu vurğulayaraq, dahi liderin hər sahəyə, eləcə də kitabxanalara göstərdiyi qayğı və diqqətini nəzərə çatdırıb.

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siy.e.ü.f.d., dosent Sənan Həsənov çıxışı zamanı AMEA-da Ulu Öndərin çoxşaxəli siyasi irsini araşdıran sanballı əsərlərin meydana gəldiyini bildirib və bu nəşrlərin rolunun vacibliyini vurğulayıb.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri t.e.d., dosent Ədalət Qasımov bu gün yollarında inamla addımlayan, dünya birliyində layiqli yer tutan Azərbaycan Respublikasının yarım əsrə bərabər dövrünün xalqımızın böyük lideri Heydər Əliyevin adı və fəaliyyəti ilə bilavasitə bağlı olduğunu bildirib. Alim bu illər ərzində Ümummilli Liderin Azərbaycanı ən ağır sınaqlardan çıxardaraq inkişaf startegiyasını müəyyənləşdirdiyini, iqtisadi tərəqqiyə yönəltdiyini vurğulayıb. Ulu Öndərin birinci və ikinci hakimiyyət illərini tarixi aspektlərdən təhlil edən çıxışçı o dövrü olduqca məhsuldar adlandırıb.

Tədbirdə, həmçinin MEK-in Rəqəmsallaşdırma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini t.ü.f.d. Oruc Quliyev, MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, Biblioqrafiya şöbəsinin müdiri fil.ü.f.d. Aytən Əliyeva mövzu ətrafında çıxış ediblər. Ulu Öndərin irsinin öyrənilməsi və tədqiqi istiqamətində kitabxanaların rolundan danışan çıxışçılar bu istiqamətdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında mühüm işlərin aparıldığını diqqətə çatdırıblar. Onların sırasında “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elmi-biblioqrafik göstəricisinin, “Heydər Əliyev və Azərbaycan elmi” biblioqrafik göstəricisinin, Heydər Əliyevin 100 illiyi çərçivəsində MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən “Heydər Əliyevin aforizmləri” audiodiskinin hazırlanaraq ictimaiyyətin istifadəsinə verildiyi qeyd edilib. Həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin ideoloji problemlərin həlli yolunda gördüyü əvəzsiz işlərdən də söz açılıb.

Sonda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş film nümayiş edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: