AMEA-nın Gəncə Bölməsində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqları uğrunda canlarından keçmiş Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.
Sonra 1990-cı ilin Qanlı Yanvar hadisələrinə həsr olunan videoçarx nümayiş olunub.
Dəyirmi masanı giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açıb. O, millətimizin azadlıq əzmini boğmaq məqsədilə 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə dağılmaqda olan Sovet İttifaqının ordu birləşmələrinin paytaxtımıza yeridilməsi ilə yaşanan qanlı hadisələri tariximizin faciəvi, eyni zamanda milli birliyimizin o vaxtadək görünməmiş bir həddə nümayişi baxımından qürurverici anı kimi dəyərləndirib. O, 20 Yanvar hadisələrinin əsl siyasi qiymətinin, eləcə də həmin faciənin qurbalarına şəhidlik statusu verilməsinin Ulu Öndər tərəfindən həyata keçirildiyini, müasir dövrümüzdə də onun layiqli davamçısı, Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib.
Sonra AMEA-nın əməkdaşlarının məruzələri dinlənilib. AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutundan t.ü.f.d., dosent Samirə Qasımova “20 Yanvar - müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq səlnaməsi”, t.ü.f.d., Nərgiz Rəsulova “Qəhrəman şəhərlərin bir gecədə yazılan qəhrəmanlıq dastanı”, Beynəlxalq Əlaqələr şöbəsindən Simuzər Qafarlı “20 Yanvar hadisələrinin beynəlxalq hüquq müstəvisində analizi”, Nizami Gəncəvi Mərkəzindən fil.ü.f.d. Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında 20 yanvar mövzusu” və İctimaiyyətlə əlaqələr şöbəsindən Zakir Muradov “20 Yanvar ərəfəsində Gəncə və bölgədə baş verən hadisələr” mövzularında çıxış ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.