Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması və suverenliyinin qorunması uğurunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ötən əsrin 90-cı illərində keçmiş sovet imperiyasının çöküşünü sürətləndirən proseslər haqqında danışaraq, imperiya rəhbərliyinin ittifaqa daxil olan ölkələrdə gedən proseslərin qarşısını almaq üçün bir çox respublikalarda qanlı cinayətlər törətdiyini qeyd edib.
1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qırğınlardan danışan baş direktor bu qırğınların həm miqyasına, həm də günahsız insanlara qarşı törədilən böyük vəhşilik olduğunu, uşaq, qadın, yaşlı olmasından asılı olmayaraq dinc əhalinin qətlə yetirildiyini, hətta həkimlərin belə yaralı insanlara kömək etməsinin sovet hərbiçiləri və texnikaları tərəfindən qarşısının alındığını, hərbi texnikanın təcili tibb yardımı avtomobillərinin üzərinə sürüldüyünü xatırladıb. Baş direktor sovet rəhbərliyinin bu qırğınla bağlı hadisələri gizlətmək cəhdlərinə baxmayaraq 20 Yanvar qırğını ilə bağlı Xəzər dənizindəki Azərbayan gəmilərinin dünyaya “SOS” siqnalı vasitəsi ilə hadisəni çatdırdırdıqlarını deyib.
Professor Qurban Yetirmişli çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən hadisəyə verilən qiymət haqqında da danışıb. Onun sözlərinə görə, 20 Yanvar faciəsinin törədilməsinə etiraz olaraq Ulu Öndər Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək faciəyə görə o vaxtkı Sovet İttifaqına rəhbərlik edən şəxslərin məsuliyyət daşıdığını bütün dünyaya bəyan etməsi çox böyük və riskli addım idi. Çünki hələ sovet quruluşu qalırdı. Bununla belə Ulu Öndər bütün riskləri gözə alaraq öz xalqının haqq səsini bütün dünyaya çatdırdı.
RSXM-nin baş direktoru ölkəmizin dünyada artan nüfuzu, Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycanın regionda əsas aparıcı dövlətə çevrildiyini bildirib. Professor Qurban Yetirmişli Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun işğal olunmuş torpaqlarımızın azad etməsi, Vətən müharibəsində Azərbaycan oğullarının - əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlar, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq-abadlıq işləri və əhalinin öz doğma yurd-yuvalarına köçürülməsi haqqında da danışıb.
Azərbaycan xalqının öz şəhidlərini heç vaxt unutmadığını qeyd edən baş direktor xalqımızın 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman böyük ehtiramla yad etdiyini deyib. Professor Qurban Yetirmişli xalqımızın başına gələn fəlakətlərin hər zaman qan yaddaşımızda qalacağını, gənclərimizin hər zaman bu tarixi həqiqətləri öyrənməsinin vacib olduğunu bildirib.
Daha sonra RSXM-nin Elektron Xidmətlər şöbəsi tərəfindən hazırlanmış 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.