Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.01.2025 15:09
  • A-
  • A
  • A+

AMEA Azad Həmkarlar İtifaqı 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri keçirib

AMEA Azad Həmkarlar İtifaqı 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri keçirib

AMEA-nın Əsas binasında AMEA Azad Həmkarlar İttifaqının 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib.

Tədbirdə AHİ-nin rəhbərliyi, büro üzvləri, institut və təşkilatların Həmkarlar Təşkilatlarının sədrləri iştirak ediblər.

Anım tədbirini giriş sözü ilə açan AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov bildirib ki, 35 il öncə 20 yanvar tarixində yaşananlar xalqımızın qəhrəmanlıq salnaməsidir. Bu salnamənin əsasında Azərbaycan xalqının çökməkdə olan imperiyaya qarşı mübarizə əzmi dayanırdı. 1980-ci illərin sonlarında SSRİ adlı imperiya süquta doğru gedir, son dövrünü yaşayırdı. Mərkəzi hakimiyyətin zəifliyindən, milli siyasətdəki şovinist meyllərdən istifadə edən ermənilər Qarabağda separatçı fəaliyyətlərini açıq şəkildə həyata keçirməyə başladılar. SSRİ-nin rəhbərliyi erməni separatizminin qarşısını nəinki almır, hətta bu separatizmi dəstəkləyirdi. Bütün bunlar xalqımızın haqlı etirazına səbəb oldu. Artıq xalqın səbri tükənmişdi. Azərbaycan xalqı itirilmiş haqqlarının bərpası, erməni separatizminin qarşısının alınması və azadlığı uğrunda qəti mübarizəyə qalxmışdı. Bu mübarizə sivil və konstutisiyon xarakter daşıyırdı. Xalqın haqq səsini boğmaq, azadlıq yolundan çəkindirmək və çökməkdə olan imperiyanın mövqelərini qoruyub saxlamaq üçün SSRİ-nin siyasi və hərbi rəhbərliyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə ordu yeritdi. Bu ordunun qarşısına əliyalın çıxan xalqımız milli iradə nümayiş etdirdi və geri çəkilmədi. Nəticədə çoxsayda soydaşımız şəhid edildi, ağır yaralandı və həbs olundu. İnsanlıq və beynəlxalq hüquq normasına zidd olan bu qırğın xalqımızın mübariz iradəsini sarsıda bilmədi. Canlarından keçən vətən övladları Azərbaycan xalqının öz haqqları, azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhid verə biləcəyini bütün dünyaya sübut etdi.

Qeyd edilməlidir ki, 20 yanvar hadisəsinə ilk siyasi münasibəti bildirən məhz ulu öndər Heydər Əliyev oldu. Bir-neçə gün sonra Azərbaycan SSR-nin Moskvadakı nümayəndəliyinə cənab İlham Əliyevlə birlikdə gələn Ulu Öndər əsl vətəndaş, xalq rəhbəri mövqeyindən çıxış edərək bu faciəni kəskin şəkildə qınadı və bu qırğına rəhbərlik edən şəxslərin cəzalandırılmasını tələb etdi. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə 1994-cü ildə 20 yanvar hadisəsinə siyasi və hüquqi qiymət verildi. Bugün də müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyev 20 yanvar hadisəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin diqqət və qayğı ilə tam əhatə olunmasına xüsusi diqqət yetirir. Sonda Sənan Həsənov bildirdi ki, 20 yanvar hadisələrinin xatırlanması ilə bərabər onun mahiyyətini bilmək, hadisələrin kökündə hansı siyasi məqamların dayandığını öyrənmək vacibdir. Bu faciənin geniş elmi şəkildə öyrənilməsi onun gənc nəsillərə çatdırılması üçün böyük önəm daşıyır.

Daha sonra AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvü İlham Əliyev, Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, Arxeologiya və Antropologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Faiq Ələkbərov və Rəyasət Heyəti Aparatının Mülki Müdafiə şöbəsinin rəisi Nizami Vəliyev 20 Yanvar Ümummilli Hüzn Günü ilə bağlı öz çıxışlarını etdilər. Bildirildi ki, 20 yanvar gecəsi yaşananlar insanlıq baxımından bir qətliyam, siyasi və hüquqi aspektdən isə beynəlxalq cinayətdir. 20 yanvarda yaşananlar xalqımız üçün həm də şərəf və ləyaqət salnaməsidir. Yalnız mərd, cəsur və müdrik xalq böyük bir ordunun qarşısına əliyalın çıxaraq böyük iradə nümayiş etdirə bilər. Azərbaycan xalqı o qanlı gecəni heç zaman unutmayacaq, qan yaddaşı olaraq əbədi xatırlayacaq və gələcək nəsillərə ötürəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: