AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 20 yanvar faciəsinin 35 illiyi ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Əvvəlcə yığıncaq iştirakçıları 1990-cı il 20 yanvar gecəsi xalqının azadlığı uğrunda canından keçən faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Yığıncağı giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd etdi ki, Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Qanlı Yanvar hadisələrindən 35 il keçir. Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi yazılan 20 Yanvar hadisəsi eyni zamanda tarixə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix xalqımızın milli müstəqilliyi və azadlığı uğrunda mübarizə tarixi kimi yadda qalıb. Ə.Salamzadə Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında 20 Yanvar hadisələrinin əhəmiyyəti olduğunu bildirdi. Eləcə də öz daxili və xarici siyasətində tamamilə müstəqil olan Azərbaycanın suveren dövlət kimi dünyada tanınmasını qeyd etdi.
Institutun rəhbəri onu da nəzərə çatdırdı ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il “Konstitusiya və Suverenlik” ili elan edilib. Qeyd olundu ki, suverenlik dövlətin mövcudluğunun və institusional davamlılığının əsas şərtidir. Müstəqil dövlətimizin yaradəlması və inkişafı naminə atılan hər bir addım bizim nailiyyətimizdir.
İnstitutun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin baş elmi işçisi, sənətşünaslıq doktoru, professor Nailə Rəhimbəyli “Azərbaycan bəstəkarlarının yaradıcılığında 20 yanvar faciəsinin təcəssümü” adlı məruzəni iştirakcılara təqdim etdi. Qeyd olundu ki, bu tarixi faciə mədəniyyətimizdə, o cümlədən musiqimizdə də öz yerini tapmışdır. Bu mövzuda Azərbaycan bəstəkarlarının bir sıra əsərləri ərsəyə gəlmişdir. Şəhidlik mövzusu Süleyman Ələsgərovun yaradıcılığında geniş yer tutur. 20 yanvar haqqında Cövdət Hacıyev, Arif Məlikov, Azər Rzayev, Arif Mirzəyev, Sevda İbrahimova və digər bəstəkarlar simfoniyalar yazmış, filmlərə musiqilər bəstələnmişdir. N.Rəhimbəylinin çıxışı boyunca bir neçə musiqili kompozisiya səsləndirildi.
Daha sonra İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin kiçik elmi işçisi Pərvanə İbrahimova “Ermənistanın Azərbaycana qarşı ekosid, urbsid və soyqırım cinayəti” mövzusunda çıxış etdi.
Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam edən təcavüzü nəticəsində törətdiyi cinayətlər müharibə, sülh və insanlıq əleyhinə törədilən cinayətlərdir.
Ekologiyaya vurulan ziyan, meşə yanğınları, ekoloji terror aktları, infrastrukturun məhv edilməsi, genosid, kütləvi qirğın törədilməsi ermənilərin törətdikləri ən qatı cinayətlərdir.
P.İbrahimova Ermənistanın Azərbaycana təcavüzü nəticəsində uzun illər işğal altında qalan Qarabağ bölgəsində baş verən ekosid, urbsid və genosid cinayətlərinin törədilməsindən bəhs etdi. Münaqişə dövründə düşmənin ətraf mühitə ciddi ziyan vurması, meşələrin yandırılması, suların çirkləndirilməsi, şəhərlərdə mövcud olan əhəmiyyətli memarlıq abidələrinin, infrastrukturun və həmçinin mədəni irsin tamamilə məhv edilməsi, xalqımıza qarşı zorakılıq aktlarının törədilməsi hadisələrinə diqqət çəkdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.