ETN Biofizika İnstitutunda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, b.e.d. Kərim Qasımov, 20 Yanvar faciəsinin mahiyyətindən danışaraq, onun qan yaddaşımızdakı əhəmiyyətini və bu həqiqətlərin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. O, həmçinin öz xatirələrini iştirakçılarla bölüşüb.
Daha sonra Molekulyar və Hüceyrə Biokimyası laboratoriyasının kiçik elmi işçisi, Həmkarlar Təşkilatının üzvü Günay Əliyeva faciəyə həsr olunmuş təqdimatla çıxış edib. O, 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qanlı hadisələr barədə ətraflı məlumat verərək bildirib ki, həmin gün tarixə Qanlı Yanvar kimi düşüb.
Həmçinin qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusu Bakıda dinc əhalini amansızcasına qətlə yetirib. Bu dəhşətli hadisə xalqımızın azadlıq istəyini söndürə bilməyib və nəticədə Azərbaycan öz müstəqilliyinə qovuşub. Qətliam zamanı 147 nəfər şəhid olub, 638 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Bu cinayət beynəlxalq hüququn, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələblərini kobud şəkildə pozub.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvadakı daimi nümayəndəlikdə keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləməsi xatırlanıb. Onun həmin dövrdəki cəsarətli mövqeyi Azərbaycan xalqının azadlıq mübarizəsinin təməl sütunlarından biri kimi dəyərləndirilib.
Sonda vurğulanıb ki, 20 Yanvar faciəsi xalqımızın mübarizə ruhunu və milli birliyini əks etdirən şərəfli tarixdir. Hər il bu tarixdə milyonlarla insan Şəhidlər Xiyabanını ziyarət edir, şəhidlərin xatirəsini dərin ehtiramla yad edir. Ulu öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı fərmanla "20 Yanvar Şəhidi" fəxri adı təsis olunub, yanvarın 20-si isə Ümumxalq Hüzn Günü elan edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.