Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova və institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü kimya üzrə fəlsəfə doktoru Türkan Quliyeva Şəhidlər xiyabanını və Bakı-Quba yolundakı xatirə abidəsini ziyarət ediblər.
Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən sonra baş verən ən ağır cinayətlərdən biri 1990-cı ilin yanvarın 24-də baş verib. O gün Polimer Materialları İnstitutunda çalışan 5 alim işə gələrkən Azərbaycana yeridilən Sovet ordusunun amansızlığının qurbanı oldular. Rus ordusunun tankı alimlərin olduğu avtomobilin üstündən xüsusi amansızlıqla keçərək faciəyə səbəb oldular. Professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə zamanı, İsmayıl Mursaqulov isə 3 gün sonra şəhid oldular. Hadisədə yaralanan Parlaq Mustafayeva və İdris Əhmədov unuda bilməyəcəkləri vəhşiliyin şahidi oldular. Professor İdris Əhmədov hadisədən 29 il sonra məhz 2019-cu ilin 20 yanvarında dünyasını dəyişdi.
Bu cinayət elm tarixində qara səhifələrdən biri kimi qalacaqdır. Şəhid olan görkəmli alimlərin – professorlar Svetlana Məmmədova, İbrahim İbrahimov və İsmayıl Mursaqulovun, eləcə də Parlaq Mustafayeva və İdris Əhmədovun xatirələri institut əməkdaşları tərəfindən hər zaman yad ediləcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.