Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.01.2025 16:30
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun Elmi şurasının cari ildə ilk iclası keçirilib

Ədəbiyyat İnstitutunun Elmi şurasının cari ildə ilk iclası keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının cari ildə ilk iclası keçirilib.

Tədbirdə Elmi şuranın üzvləri, institutun şöbə müdirləri, doktorant və dissertantlar iştirak ediblər.

AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli əvvəlcə gündəlikdəki məsələləri diqqətə çatdırıb, iclasda 2025-ci ildə Ədəbiyyat İnstitutunun qarşısında duran əsas vəzifələrin müzakirə olunacağını bildirib. 

Daha sonra akademik İsa Həbibbəyli filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qafqazlını (Quliyeva) 80 illik yubileyi münasibətilə təbrik edərək onun elmi fəaliyyətinə nəzər salıb, yubilyarın yüksək insani keyfiyyətlərindən danışıb.

Dosent Nəzakət Qafqazlı 80 illik yubileyi və məhsuldar elmi fəaliyyətinə görə institutun Fəxri fərmanı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini xatırladan AMEA rəhbəri sözügedən Sərəncamla bağlı qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Bu qərar ölkənin konstitusiyasının və suverenliyinin qorunması, gücləndirilməsi və əhəmiyyətinin bir daha vurğulanması məqsədini daşıyır.  

Akademik İsa Həbibbəyli 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qələbə qazanaraq 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etdiyini, 2023-cü ilin sentyabrında keçirilmiş birgünlük  lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin həm ərazi bütövlüyünün, həm də suverenliyinin tam bərpa edildiyini bildirib.

Bugünkü tarixi Qələbənin təməllərinin Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə qoyulduğu vurğulayan AMEA rəhbəri qeyd edib ki, Ulu Öndər Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli diplomatik mübarizə aparmış, onun rəhbərliyi ilə 1994-cü ildə aparılan Horadiz əməliyyatı nəticəsində rayonun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildimişdir. Akademik İsa Həbibbəyli bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizin hərbi təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə mühüm işlər görmüş, Azərbaycan Ordusunu və onun formalaşması prosesini daim diqqət mərkəzində saxlamışdır.

“Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini yeni təməllər üzərində daha da inkişaf etdirərək, dünyada gedən qlobal prosesləri də nəzərə alaraq, Azərbaycan Ordusunu müasir texnologiya ilə təchiz edərək və vətənpərvər gənc nəsil yetişdirərək ölkəmizdə suverenliyimizi tam təsdiq etmişdir”, - deyə bildirən akademik İsa Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyev  dünyəvi siyasətdə bəşəri ideyaları yaşadan bir siyasətçi,  qalib sərkərdə və xalqın əsl lideri kimi adını əbədi olaraq tarixə  yazdırmışdır.

O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildiyini xatırladıb. Vurğulayıb ki, Konstitusiya ölkənin hüquqi sistemində qanunun aliliyini təmin edən baza sənəd olmaqla, dövlət suverenliyinin qorunması, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, sosial ədalətin və bərabərliyin qorunması kimi prinsipləri əks etdirir. Konstitusiyanın qəbul edilməsinin 30 illiyi Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yolunu yenidən qiymətləndirmək və gələcək hədəfləri müəyyənləşdirmək üçün tarixi bir fürsətdir.

“1995-ci ildə qəbul edilmiş Konstitusiya tarixə həm də Heydər Əliyev Konstitusiyası kimi daxil olub və bizim bütün sahələrdə fəaliyyətimizi tənzimləyir”, - deyən AMEA prezidenti “Konstitusiya və Suverenlik İli” ilə bağlı Akademiya miqyasında geniş işlərin aparılacağını, müxtəlif tədbirlərin keçiriləcəyini, yeni kitabların yazılacağını, məqalələrin dərc olunacağını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda son illər aparılan elmi tədqiqatlar əsasında çap olunmuş kitablar barədə məlumat verərək yeni nəşrləri yüksək qiymətləndirib. O, bu kitabların gələcək tədqiqatçılar üçün etibarlı mənbə rolunu oynayacağına əminliyini bildirib.

Tədbirdə “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının Redaksiya Heyətinin yeni tərkibinin təsdiq edilməsi, “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2025-ci il üçün elmi tədqiqat işlərinin əhatəli planının təsdiq edilməsi”, eləcə də “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 2025-ci il üçün İş planının müzakirəsi və təsdiqi” və “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2025-ci il üçün “Tədbirlər planı”nın müzakirəsi və təsdiqi” haqqında qərarlar qəbul edilib.

Daha sonra institutun Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru dosent Günay Qarayeva “Elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyadan keçməsinə dair” çıxış edib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub, müvafiq qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: