AMEA Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) 2015-ci ilin yekunlarına dair hesabat verib. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bugünkü iclasında hesabat məruzəsi ilə çıxış edən bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov BTEB-də yerinə yetirilən elmi və elmi-təşkilati işlər haqqında geniş məlumat verib.
Ə.Əmiraslanov bildirib ki, hesabat ilində bölmənin tərkibinə daxil olan elmi müəssisələr və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri birgə tədqiqat işləri aparıblar. Bölmə institutlarında AMEA-nın elmi-təşkilati fəaliyyətində innovativ ideyaların tətbiqi, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülüb. Hesabat ilində əldə olunmuş mühüm nailiyyətlər iclas iştirakçılarının diqqətinə çatdırılıb: “Ötən il bölmənin elmi müəssisələrində 41 elmi problemə aid 193 mövzu üzrə 445 tədqiqat işi aparılıb, bunlardan 80 mövzu və 181 iş tamamlanıb. 127 elmi-tədqiqat işinin nəticəsi tətbiq olunub. 2015-ci ildə bölmənin əməkdaşları tərəfindən biri xaricdə olmaqla 69 kitab, 49 dərslik və elmi-kütləvi ədəbiyyat çap edilib. Ötən il 203-ü xaricdə olmaqla 1172 tezis dərc olunub. 2015-ci ildə 1793 məqalə çap olunub ki, onlardan 177-si impakt faktorlu jurnallarda işıq üzü görüb. Həmçinin 57 dissertasiya işi müdafiə edilib, 52 dissertasiya müdafiəsi üzrə sənədlər təqdim olunub”.
Akademik Əhliman Əmiraslanov patent almaq üçün 25 iddia sənədinin verildiyini, 4-ü xaricdə olmaqla 5 patentin alındığını iclas iştirakçılarının nəzərinə çatdırıb. İclasda hesabat ilində Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramları çərçivəsində, o cümlədən Rəyasət Heyətinin qərarı ilə keçirilən beynəlxalq və respublika səviyyəli tədbirlər haqqında ətraflı məlumat verilib.
Bölmənin akademik-katibi beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən də bəhs edib. Bildirib ki, Ukrayna Tibb Elmləri Akademiyasının D.F.Çebataryov adına Herontologiya İnstitutu, Moskva Dövlət Universiteti, Rusiya Elmlər Akademiyasının Biofizika İnstitutu, Gürcüstan Elmlər Akademiyasının Ali Sinir Fəaliyyəti və Neyrofiziologiya İnstitutu, İsrail Təbiət və Humanitar Elmlər Akademiyası ilə Fiziologiya İnstitutu arasında “Uzunömürlülük səviyyəsi: sinir və ürək damar sistemlərinin öyrənilməsi” mövzusunda birgə tədqiqatlar aparılır. Eyni zamanda Botanika İnstitutu respublika bitki aləmi biomüxtəlifliyinin və digər problemlərin tədqiqi məsələləri üzrə İsveçrənin Fribourg Təbiət Tarixi Muzeyi, İspaniyanın Seviliya Universiteti, Bitkilərin Biokimyası və Fotosintezi İnstitutu, ABŞ-ın Missuri Botanika Bağı, Ayova Dövlət Universiteti, Belarus Dövlət Universiteti, Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İCBA) və bir sıra elmi qurumlarlaəlaqələr yaratmışdır. Bununla yanaşı, Botanika İnstitutu, Almaniyanın Frankfurt Universitetinin Ekologiya, Təkamül və Müxtəliflik Departamenti və ABŞ-ın Ayova Universiteti ilə birgə tədqiqatlar aparılır.
Akademik Əhliman Əmiraslanov şagird və tələbələrdə təbiətə, botanika elminə, bitki və heyvanlar aləminə maraq oyadan, onların biliklərinin zənginləşdirilməsi məqsədlərinə xidmət edən tədbirlər görülüb. Anlaşma memorandumları əsasında bölmə institutları Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar və Sumqayıt Dövlət universitetlərinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müvafiq kafedraları ilə əməkdaşlıq etmiş, müştərək tədqiqatlar aparmışlar. Zoologiya İnstitutunun muzeyində, Botanika İnstitutunun Herbari fondunda, Dendrologiya İnstitutu və Mərkəzi Nəbatat Bağında yüzlərlə şagird və tələbə ekskursiyada olmuş, xüsusi seminarlarda iştirak etmişlər.
Bölmənin hesabat məruzəsi dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib. Hesabatda əks olunan statistik məlumatlar nəzərə alınaraq akademiyanın illik hesabatına daxil edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.