AMEA-da 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib
Gəncləri ölkənin gələcək inkişafının aparıcı qüvvəsi kimi dəyərləndirən dövlətimiz, onların intellektual potensialının üzə çıxarılması, milli və müasir dəyərlər əsasında yetişdirilməsi, cəmiyyətin sosial, iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi istiqamətində mühüm siyasət aparır.
Bu fikirləri AMEA-nın Rəyasət Heyətində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli səsləndirib.
Akademik İsa Həbibbəyli bildirib ki, müstəqil Azərbaycanın gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyasının mühüm tərkib hissəsi olaraq formalaşıb və davamlı inkişaf yoluna qədəm qoyub. Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti müasir çağırışlara cavab verən, innovativ yanaşmalara əsaslanan və gənclərin hərtərəfli inkişafını təmin edən dövlət strategiyasının mühüm tərkib hissəsidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, gənclərin təhsil, elm, mədəniyyət, idman və digər sahələrdə potensiallarını tam reallaşdırmasına geniş imkanlar açır. Eyni zamanda, Azərbaycan gəncləri beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edərək milli maraqlarımızın müdafiəsində fəal iştirak edirlər. Elmi və texnoloji inkişafı dəstəkləyən proqramlara, təşəbbüslərə verilən dövlət dəstəyi gənclərin öz bilik və bacarıqlarını daha yüksək səviyyədə tətbiq etmələrinə zəmin yaradır.
Akademik İsa Həbibbəyli gənclərə göstərilən dəyərə və onların potensiallarının yüksək qiymətləndirilməsinə görə AMEA-nın kollektivi adından dövlət başçısına minnətdarlığını bildirib.
Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının da ölkədə elmi potensialın inkişafına və gənc tədqiqatçıların yetişdirilməsinə mühüm töhfələr verdiyini qeyd edib. Akademiyanın gənclərin elmi fəaliyyətə cəlb olunmasına, onların tədqiqat imkanlarının genişləndirilməsinə və müasir elmi nailiyyətlərə inteqrasiyasına xüsusi diqqət yetirdiyini deyib: “Gənc alim və mütəxəssislərin uğurları yalnız onların şəxsi nailiyyəti deyil, eyni zamanda, Azərbaycanın elmi və intellektual inkişafının təminatıdır. Bu mənada gənclərin dissertasiya işlərinin müdafiəsi təmin edilməli, ortaya çıxan müəyyən çətinliklər vaxtında aradan qaldırılmalıdır”.
AMEA rəhbəri, həmçinin bir qrup yüksək elmi nəticələr göstərən gənc alimlərin vəzifələrinin 1 dərəcə vahidi artırılması istiqamətində Akademiyanın elmi müəssisə və təşkilatlarının direktorlarına tapşırıq verib.
Bu gün gənc alimlərin dövlətin onlara göstərdiyi etimadı yüksək nailiyyətləri ilə doğrultduğunu, müasir çağırışlara cavab verən bilik və bacarıqları ilə ölkənin dayanıqlı inkişafına töhfə verməkdə davam etdiklərini vurğulayan AMEA prezidenti bu günlərdə Akademiyada “İlin gənc alimi” mükafatı üçün müsabiqə keçirildiyini diqqətə çatdırıb.
Müsabiqənin nəticələrinə əsasən, Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynova AMEA-nın “İlin gənc alimi” mükafatının diplomu və pul mükafatına layiq görülüb. AMEA-nın Rəyasət Heyəti aparatının vitse-prezidentinin xidmətində baş mütəxəssis Zeynəb Həcəmova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Telli Əliyeva, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Asim Cənnətov, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Şahanə Şahbazova, Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi doktorant Günay Bayramova, Fəlsəfə və Sosiologiya İnstitutunun kiçik elmi işçisi dissertant Nigar İsmayılova, AMEA-nın Naxçıvan Bölməsi Əlyazmalar Fondunun elmi işçisi Kubra Vəliyeva, Şəki Regional Elmi Mərkəzinin elmi işçisi Ayşən Salmanova, Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi Mirməhəmməd Babayev, Gəncə Bölməsinin şöbə müdiri dissertant Simuzər Qafarlı, keçmiş Qafqazşünaslıq İnstitutunun elmi işçisi dissertant Şərqiyyə İmaməli və Mərkəzi Elmi Kitabxananın baş mütəxəssisi siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva AMEA-nın “İlin gənc alimi” nominasiyası üzrə qalib olublar.
Tədbirdə, həmçinin 2024-cü il ərzində nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) ən çox məqalə nəşr etdirən, eləcə də məqalə sayına görə ilk üç yeri tutan elmi əməkdaşların adları səsləndirilib ki, onlara da Rəyasət Heyətinin müvafiq qərarı üzrə nəzərdə tutulan pul mükafatları verilib. AMEA üzrə ən çox elmi məqalə çap etdirənlər arasında birinci yeri MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, ikinci yeri müvafiq olaraq Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Dmitriy Kriçenko və Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayıl, üçüncü yeri isə Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov tutublar.
Akademik İsa Həbibbəyli müsabiqənin qalibi olan gənclərə Azərbaycan Milli Elmlər Akademiyasının “İlin gənc alimi” mükafatı diplomlarını və 2024-cü il ərzində nüfuzlu elmmetrik bazalarda ən çox məqalə nəşr etdirən əməkdaşlara mükafatlarını təqdim edib.
Daha sonra ölkə başçısının müvafiq Sərəncamı ilə 2025-ci il Gənclər üçün Prezident mükafatına layiq görülən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi və doktorantı Mircavid Ağalarov çıxış edərək verilən yüksək dəyərə görə dövlət başçısına minnətdarlığını bildirib.
Daha sonra Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya elmləri üzrə fəlsəfə doktoru Elmir Babayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli, Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynova, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Asim Cənnətov, Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi Mirməhəmməd Babayev və başqaları çıxış edərək son illərdə AMEA-da gənclərə yaradılan imkanların daha da genişləndirildiyini, onların elmi inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını bildirib, AMEA rəhbərliyinin gənclərə həmişə yüksək diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıblar.
Qeyd olunub ki, dövlətimizin elmin inkişafına verdiyi yüksək qiymətin təzahürü olaraq, bu mükafatlara layiq görülmək təkcə bir fəxr deyil, eyni zamanda, böyük məsuliyyət və gələcək elmi fəaliyyət üçün stimul mənbəyidir.
Sonda akademik İsa Həbibbəyli 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc alim və mütəxəssisləri səmimi qəlbdən təbrik edib, gənclərin bilik və innovasiyaya əsaslanan uğurlarının ölkənin elmi inkişafına töhfə verəcəyinə inandığını bildirib. Bu yolda onlara yorulmaz əzmkarlıq, geniş perspektivlər və nailiyyətlər arzulayıb.
Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, gənc alim və mütəxəssislər iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.