AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Aygül Mirzəyeva, Ülviyyə Eminova və Faidə Omarova fevralın 11-də Moldovanın Komrat şəhərində keçirilən beynəlxalq konfransda onlayn iştirak ediblər. Şərqşünaslar Komrat Dövlət Universitetinin 34-cü ildönümünə həsr olunmuş “Elm. Təhsil. Mədəniyyət” adlı beynəlxalq elmi konfransda məruzə ediblər.
Aygül Mirzəyeva “Türk və qaqauz dillərində kulinariya leksikasının linqvokulturoloji xüsusiyyətləri” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, kulinariya ilə bağlı sözlər, yemək adları xalq mədəniyyətinin mühüm tərkib hissəsi kimi dilin leksik sistemində xüsusi mövqeyə malikdir: “Türk və qaqauz xalqlarının yaşadığı coğrafi məkan, tarixi proseslər və sitayiş etdikləri dinin bir-birindən fərqlənməsi məişət leksikasında və etnolinqvistik leksikanın mətbəxlə bağlı söz qrupunda da fərqi aşkar göstərir. Belə ki, xalqların yeməklə bağlı inancları dilə də özünəməxsus şəkildə təsir edir”.
Ülviyyə Eminova “Abdulhak Hamit Tarhan və Hüseyn Cavid dramlarında hökmdar obrazı” mövzusunda məruzəsində bildirib ki, türk və Azərbaycan ədəbiyyatının bu böyük dramaturqlarının əsərlərində hökmdar obrazı təkcə siyasi lider olaraq deyil, həm də insan təbiətinin, sosial ədalətsizliyin və idarəetmə fəlsəfəsinin simvolu kimi qarşımıza çıxır: “Tarhanın “İbn Musa” əsərindəki hökmdar obrazı, daha çox filosof, lider və insanlıq məsələləri üzərində düşünən bir şəxsiyyət kimi təsvir edilir. Firdovsinin min illiyinə həsr olunmuş, “Şahnamə” motivləri əsasında yazılan “Səyavüş” əsərində tarixi mövzuda yazılan “Topal Teymur” əsərindən tamamilə fərqli olaraq, feodal dünyasının, şah-sultan hökmranlığının xalqlar həyatında törətdiyi fəlakətlər, saray həyatının rəzalətləri və zəhmətkeş kəndlilərin feodal özbaşınalığına qarşı mübarizəsi ön planda əks olunmuşdur.
Faidə Omarova “Tatar dilində polifunksional şəkilçilər haqqında” mövzusunda məruzə edib. Mərizəçi Qıpçaq qrupu türk dillərində, o cümlədən tatar dilində yeni sözlərin yaranmasında müxtəlif affikslərin iştirak etdiyini, bununla belə, affikslərin təkcə leksik və ya qrammatik xüsusiyyətə malik olmadığını deyib: “Bununla yanaşı, müasir tatar dilində yalnız ya leksik, ya da qrammatik mənalar ifadə edən sırf söz yaradıcılığı və sırf qrammatik şəkilçilərlə yanaşı, kökə qoşulduqda həm qrammatik, həm də leksik mənalar ifadə edə bilən digər şəkilçilər də mövcuddur. Belə şəkilçilərə -lık/-lek, -lı/-le, -çı/-çe, -sız/-sez və digərləri daxildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.