Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun “Sənaye əhəmiyyətli bitkilər” laboratoriyasında Eucalyptus camaldulensis növü üzərində tədqiqatlar aparılıb.
Tədqiq olunan Eucalyptus camaldulensis növünün yarpaqları toplanaraq Sənaye əhəmiyyətli bitkilər laboratoriyasında standart metodla qurudulmuşdur. Növün qurudulmuş yarpaqlarından hidrodistilliyasiya metodu ilə (Qinzberq) efir yağı alınıb. Alınan efir yağının komponent tərkibi ”Kristal” 2000 M markalı qaz-maye xromatoqrafiya üsulu ilə təyin edilib. Analizin nəticəsinə əsasən növün efir yağının tərkibində a-pinen, 1,8-sineol, terpinen, evkaliptol (1,8-sineol) maddələri müəyyən edilmişdir. Tərkibində 1,8-sineol olması səbəbindən bu efir yağı güclü antibakterial xüsusiyyətə malikdir.
Tədqiqatın əsas məqsədi Eucalyptus camaldulensis növündən alınan efir yağının kimyəvi tərkibi və istifadə imkanlarının öyrənilməsidir.
Evkalipt troik və subtropik iqlim zonalarında yayılan həmişəyaşıl ağacdır. Evkaliptin vətəni Avstraliya hesab olunur. Azərbaycanda Qafqaz və Cənubi Qafqazın qərbində, Zaqatala, Lənkəran, Astara və digər subtropik zonalarda, eləcəd də Bakıda yaşıllaşdırmada geniş istifadə edilir.
Evkalipt bitkisinin yarpaqları zəngin kimyəvi tərkibə malikdir. Tərkibində 3 faizə qədər efir yağı, flavonoidlər, aşı maddələri, üzvi turşular və digər maddələr aşkar edilmişdir. Evkalipt efir yağıının çox qiymətli xüüsusiyyətlərinə görə son zamanlar onun dünyada şöhrəti daha da artmışdır. Eucalyptus camaldulensis növü efir yağlı bitkilər arasında xüsusi yer tutur. Qədim zamanlardan bəri dünyanın hər yerində bu bitkinin yarpağı dərman vasitəsi kimi istifadə olunur. Evkalipt bitkisindən alınan efir yağı antiseptik, antibakterial, virus əleyhinə, sətəlcəm əleyhinə, ağrı ğötürücü, istilik salan xassələrə malik olduğundan tibbdə ondan geniş istifadə edilir. Ürək-damar çatışmazlığı, zob xəstəliyi zamanı da evkalipt yağı müalicəvi dərman kimi tətbiq olunur. Evkalipt efir yağı bronxit, öskürək, revmatizm, artirit, nevralgiya xəstəliklərinin müalicələrində geniş istifadə edilir.
Evkalipt efir yağı ətriyyat-kosmetika sənayesində, aromaterapiyada, tibbdə, əczaçılıqda, məişət kimyasında geniş istifadə edilir. Aparılan elmi-tədqiqat işləri nəticəsində müəyyən olunmuşdur ki, evkalipt bitkisi Abşeronun quru subtropik iqlim şəraitinə uyğunlaşmışdır. Evkalipt həmişəyaşıl bitki olduğu üçün park və bağların yaşıllaşdırılmasında, yarpaqlarından alınan efir yağının sənayenin müxtəlif sahələrində geniş istifadəsi məqsədəuyğundur.
Xəyalə ƏLİBƏYLİ, Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının elmi işçisi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.