Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda (Cİ) Qadınlar Şurasının təşkilatçılığı ilə Azərbaycanın qəhrəman qadınlarına həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçılarını salamlayan institutun icraçı direktoru dosent Zaur İmrani çıxış üçün sözü Qadınlar Şurasının sədri, şöbə müdiri c.ü.f.d. Solmaz Rzayevaya verib. Şura sədri “Azərbaycanın qəhrəman qadınları” mövzusunda təqdimatla çıxış edərək, Azərbaycan qadınlarının tarixən mərd, əyilməz, mübariz olduğunu, lazım gəldikdə əlinə silah alıb kişilərlə çiyin-çiyinə döyüşə atıldığını, Azərbaycan tarixinin təkcə oğullarımızın deyil, qəhrəman qadınlarımızın da şücaəti ilə yaddaşımıza həkk olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Milli Tarix Muzeyinin böyük elmi işçisi, t.ü.f.d. Aida İsmayılova da mövzu ətrafında təqdimatla çıxış edib. O, təyyarəçi, hərbi pilot, müharibələrdə iştirak etmiş Azərbaycan qadınlarını təqdim edərək onların həyat yolu, döyüşlərdə göstərdikləri şücaətlər, dövlətimizin və xalqımızın onlara verdiyi dəyər, qazandıqları orden və medallar haqqında geniş məlumat verib.
Sonra institutun böyük elmi işçisi Luiza Salayeva, Fizika İnstitutunun professoru AMEA Qadınlar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, Cİ-nin Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxış edərək bildiriblər ki, vətənimizin azadlığı uğrunda döyüşlərdə həlak olan qəhrəman oğullarımızın övladlarını boya-başa çatdıran analar da qəhrəmandırlar. Çıxışçılar həm hərbidə, həm ailədə, həm də elmdə fədailik edən qadınlarımızı qəhrəman adlandıraraq onları bir daha xatırlayıblar və şəhid olmuş qəhrəman qadınlarımıza Allahdan rəhmət diləyiblər.
Tədbir iştirakçıları K.Ramazanlının Azərbaycan xanımlarının qəhrəmanlığını sübut və təcəssüm etdirən qiymətli sənəd və əsərlərlə tanış olmaq məqsədilə institut kollektivinin Milli Tarix Muzeyinə səfərinin təşkil edilməsi haqqında təşəbbüsünü dəstəkləyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.