Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.02.2025 10:45
  • A-
  • A
  • A+

Arxeologiya və Antropologiya İnstitutunda mütəxəssis dərsləri davam edir

Arxeologiya və Antropologiya İnstitutunda mütəxəssis dərsləri davam edir

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu hazırda təhsil alan doktorant və dissertantlar üçün müəssisənin elmi heyətinin mütəxəssis dərslərinin keçirilməsini davam etdirir. Cari ilin yanvar ayından etibarən institutun Təhsil şöbəsinin müəyyən etdiyi qrafik əsasında artıq dərslər başlayıb.

2025-ci il yanvarın 10-da və yanvarın 17-də tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun “Azərbaycanın daş dövrü düşərgələri” və “Qarabağın arxeoloji mədəniyyətləri” mövzusunda mühazirəsi keçirilib. Ə.Cəfərov Azərbaycanın daş dövrü düşərgələrində apardığı arxeoloji qazıntılar, həmçinin 2001 və 2003-cü illərdə Fransada  Avropa alimləri ilə birgə həyata keçirdiyi elmi-tədqiqat işləri barəsində geniş məlumat verərək özünün və həmin dövrü tədqiq edən digər alimlərin əsərlərindən ibarət ədəbiyyat siyahısını doktorant və dissertantlara təqdim edib. Professor Ə.Cəfərov mühazirə iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Həmçinin, 2025-ci il yanvarın 31-də tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun “Azərbaycanda üst paleolit problemləri” mövzusunda mühazirəsi keçirilib. A.Zeynalov Naxçıvan Muxtar Respublikası ərazisində qədim daş dövrünə aid yeganə abidə olan Qazma mağarasında aparılan arxeoloji tədqiqatlar barədə geniş məlumat verib. Alim qazıntılar zamanı aşkar olunan daş məmulatlarının texniki və tipoloji xüsusiyyətlərindən danışıb.  Daha sonra A.Zeynalov Azıx, Qazma və digər paleolit dövrü mağaralarından aşkar edilmiş əmək alətləri və bəzək əşyalarından bir neçə nümunəni əyani şəkildə doktorant və dissertantlara göstərib. Nümunələrlə yaxından tanış olan gələcək alimlər mühazirəni böyük maraqla qarşılayaraq onları maraqlandıran suallara cavab alıblar.  

Tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun “Gəncə-Qazax bölgəsinin tunc-erkən dəmir dövrü abidələri” mövzusunda mühazirəsi 2025-ci il fevralın 7-də baş tutub. Ş.Nəcəfov Gəncə-Qazax bölgəsinin tunc-erkən dəmir dövrü abidələrinin öyrənilmə tarixi barədə geniş məlumat verərək, həmin bölgədə apardığı arxeoloji tədqiqat işləri, yaşayış məskənləri və qəbir abidələrindən aşkar edilən maddi-mədəniyyət nümunələrindən (gil möhürlər, saxsı qablar və s.) danışıb. Bundan sonra alim doktorant və dissertantlara bu nümunələrin elektron təqdimatını nümayiş etdirib. Mühazirədən sonra gənc alimlərin suallarını cavablandıran Ş.Nəcəfov onlara mövzu ilə bağlı məsələlər barədə danışıb.

14 fevral 2025-ci il tarixdə doktorant və dissertantlar üçün tarix üzrə fəlsəfə doktoru, dosent  İdris Əliyev “Abşeronun arxeoloji abidələri” mövzusunda mühazirə keçib. Auditoriya tərəfindən maraqla qarşılanan mühaziərədə İdris Əliyev Abşeron abidələrinin tədqiqat tarixindən danışaraq, ərazidə aşkar olunmuş yaşayış yerləri, məbəd və kurqanların memarlıq xüsusiyyətləri, Abşeron yarımadasının Gürgan Mayakı yaxınlığında tədqiq olunan qəbir abidələri və onlardan tapılan tunc dövrünə aid daş qutu qəbirlər, bəzək əşyaları, xəncər və s. haqqında doktorant və dissertantlara geniş məlumat verib. Böyük maraqla qarşılanan təqdimatdan sonra İdris Əliyev gənc alimlərin suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: