Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.02.2016 15:21
  • A-
  • A
  • A+

“Rusiya-Azərbaycan: əlverişli mühitdən inklüziv cəmiyyətə doğru” mövzusunda “dəyirmi masa” keçirilib

“Rusiya-Azərbaycan: əlverişli mühitdən inklüziv cəmiyyətə doğru” mövzusunda “dəyirmi masa” keçirilib

Fevralın 9-da Mərkəzi Elmi Kitabxanada AMEA-nın İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin (MDHİU) birgə təşkilatçılığı ilə “Rusiya-Azərbaycan: əlverişli mühitdən inklüziv cəmiyyətə doğru” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin, ali təhsil müəssisələrinin təmsilçiləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, fiziki imkanları məhdud insanlarla iş sahəsində təcrübəsi olan qeyri-hökümət təşkilatlarından alim və mütəxəssislər, KİV nümayəndələri iştirak ediblər.

“Dəyirmi masa”da AMEA İnsan Hüquqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafayeva fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, onların sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının təminatı, həmçinin inklüziv təhsilləri ilə əlaqədar ölkəmizdə davamlı və sistemli işlərin aparıldığını diqqətə çatdırıb.  

A.Mustafayeva iki ölkə arasında əməkdaşlığın inkişafını qeyd edərək, bu əməkdaşlığın əlilliyi olan şəxslərin sosial müdafiəsi məsələləri, xüsusən əlilliyi olan şəxslərin bərpa müalicəsi sahəsində də davam etdirilməsinin qarşıda duran vəzifələrdən olduğunu bildirib.

Tədbirdə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti departamentinin inkişaf və sosiallaşma problemləri olan uşaqların təhsili şöbəsinin rəisi Larisa Falkovskaya, MDHİU-nun rektoru, professor Vaqif  Bayramov, Beynəlxalq paraolimpiya komitəsinin prezidenti Filip Kreven, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov və başqaları tədbirin təşkilini yüksək dəyərləndiriblər, bu cür “dəyirmi masa”ların əlillik məsələlərinin həlli ilə bağlı fikir və məlumat mübadiləsində əhəmiyyətli olacağını vurğulayıblar.

Tədbirdə ölkəmizdə fiziki imkanları məhdud şəxslərin təhsilə inteqrasiyası, onların işlə təmin olunması, xüsusi qayğıya ehtiyacı olan uşaqların beynəlxalq təcrübəyə uyğun şəkildə təhsil almaları, nəzəriyyə və təcrübə vasitəsi ilə onların icbari məktəbəqədər təhsilə, həmçinin müəyyən bacarıqlara yiyələnmək imkanları müzakirə olunub.

Qeyd olunub ki, inklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrində təhsil siyasətinin prioritetlərindəndir. Aparılan islahatlar təhsilin beynəlxalq prinsip və standartları ilə uyğunlaşması məqsədi daşıyır. Artıq təhsilin məqsədlərindən biri də əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını stimullaşdırmaq və onu reallığa çevirməkdir.

Həmçinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə daha çox inteqrasiyası sahəsində görülən işlərə dair qarşılıqlı məlumatlar verilib, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Tədbirdə İnsan Hüquqları İnstitutu və MDHİU arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: