AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Əqli Mülkiyyət Agentliyinin köməyi ilə “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən “Əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması” layihəsi çərçivəsində Zaqatala şəhərində keçirilən təlimdə iştirak ediblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında təşkil olunan tədbiri giriş sözü ilə Hüquqi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, Bakı Dövlət Universitetinin dosenti hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov açıb. O, təlimin məqsədinin yaradıcı şəxslərin əqli mülkiyyət hüquqlarının qorunması və yaradıcılıq nəticələrindən istifadə ilə bağlı biliklərinin genişləndirilməsi, eləcə də onların yaradıcılıq potensialının gücləndirilməsi istiqamətində görülən işlərə dəstək verilmək olduğunu diqqətə çatdırıb. Bəxşeyiş Əsgərov tədbirin əqli mülkiyyət hüquqları sahiblərinin sahə üzrə biliklərinin təkmilləşdirilməsinə fayda verəcəyinə ümidvar olduğunu bildirib.
Sonra Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin hüquqşünası Aydın Kərimov mövzu üzrə məruzələrlə çıxış ediblər.
Daha sonra təlimə cəlb olunmuş yaradıcılıq təşkilatlarının üzvləri - rəssamlar, yazıçılar, musiqiçilər, elm adamları və digər intellektual mülkiyyət sahibləri ilə birlikdə mövzu ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.