Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.02.2025 11:08
  • A-
  • A
  • A+

Arxeologiya və Antropologiya İnstitutu türk dövlətlərinin tarixi üzrə akademik əsərin yaradılmasında iştirak edəcək

Arxeologiya və Antropologiya İnstitutu türk dövlətlərinin tarixi üzrə akademik əsərin yaradılmasında iştirak edəcək

Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun düşərgəsində “Türk dünyası tarixi seminarı” (“Türk dünyası tarihi çalıştayı”) keçirilib.

Tədbirdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Yüksək Qurumun prezidenti səfir, prof. Dr. Derya Örs, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev və Türk Tarix Qurumunun prezidenti Prof. Dr. Yüksel Özgenlə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan, Macarıstan və Türkmənistandan da alimlər iştirak ediblər.

Seminarda ilk dəfə olaraq Türk dünyası arxeologiya institutlarının rəhbərləri də dəvət olunublar. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru t.ü.f.d., dosent Fərhad Quliyev də seminarda iştirak edib.

Tədbirin açılış iclasında çıxış edən Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım türklərin tarixindən, qədim zamanlardan bu günə qədər keçdikləri proseslərdən, hansı dövlətləri qurduqlarından, dünya sivilizasiyasına hansı əsərlər qoyub getdiklərindən bəhs edib. Bildirib ki, sözügedən görüş ortaq türk tarixini işıqlandıracaq mühüm bir addımdır.

Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun prezidenti səfir Prof. Dr. Derya Örs çıxışında Türk dünyasının minilliklərə söykənən köklü tarixi, zəngin mədəni irsi və güclü ictimai quruluşu ilə dünya tarixində mühüm yer tutduğunu bildirib. Qloballaşan dünyada güclü olmağın yolunun birlik və həmrəylikdən keçdiyini deyən Örs çıxışını belə davam etdirib: “Şübhəsiz ki, dilimiz, tariximiz, mədəniyyətimiz bu birliyi və həmrəyliyi mümkün edəcək. Beləliklə, ortaq əlifba araşdırmalarının göstərdiyi kimi, ortaq tarix araşdırmaları da bizi bir-birimizə yaxınlaşdıracaq”.

Türk Tarix Qurumunun prezidenti Prof. Dr. Yüksel Özgen Türk dünyası dedikdə 300 milyonluq əhali ilə yanaşı, 4,5 milyon kvadrat kilometr geniş coğrafiya və maddi terminlərlə ifadə edilə bilməyən geniş bir tarix, köklü bir mədəniyyət və güclü sivilizasiyanın nəzərdə tutulduğunu vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev akademik tarixşünaslığın məqsədlərini və layihənin vaxt çərçivəsini vurğulayaraq, bu prosesin 2025-ci ilin sonuna qədər yekunlaşacağını bildirib.

Çıxışlardan sonra Türk dünyası tarixinin yazılması üçün görüləcək işlərlə bağlı müzakirələr keçirilib.

Görüşün yekununda Türk dünyası beynəlxalq qurumların, eləcə də tarix və arxeologiya institutlarının rəhbərləri türk dövlətlərnin tarixinə dair akademik əsərin yaradılması üzrə birgə işi nəzərdə tutan əməkdaşlıq haqqında protokol imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: