AR Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirilib.
Beynəlxalq Muğam Mərkəzində baş tutan seminarın məqsədi Qərbi Azərbaycanda yaranıb formalaşan folklor yaradıcılığı, musiqi və ifaçılıq sənəti, milli mətbəximiz kimi zəngin dəyərləri özündə əks etdirən mövzuların tədqiqi və onların gənc nəslə daha dolğun şəkildə çatdırılması olub.
Tədbirin açılışında Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli və MEMİM-in direktoru vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov qeyd ediblər ki, xalqımızın mədəniyyətinin, tarixinin və onun inkişaf mərhələlərinin öyrənilməsi elm və incəsənət sahələrinin ən ümdə vəzifələrindəndir.
Elmi-praktiki seminarda AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova da iştirak edib və “Qərbi Azərbaycan folkloru mədəniyyətimizin bir şaxəsi kimi” mövzusunda fikirlərini bildirib.
Tədbirdə, o cümlədən Göyçə mahalının aşıq sənəti, Qərbi Azərbaycan yallıları, Qərbi Azərbaycanın musiqisi və mətbəxi mövzularında danışıblar. Tədbirdə həmçinin videomateriallar da nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.