Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Lənkəran Regional Elmi Mərkəzində Xocalı faciəsinə həsr olunmuş elmi seminar keçirilib
26.02.2025 22:11
  • A-
  • A
  • A+

AMEA Lənkəran Regional Elmi Mərkəzində Xocalı faciəsinə həsr olunmuş elmi seminar keçirilib

Fevralın 26-da AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə “Xocalı faciəsi Cənub yazarlarının yaradıcılığında” mövzusunda elmi seminar keçirilib.

Əvvəlcə qonaqlar və tədbir iştirakçıları 44 günlük Vətən savaşında AMEA-nın ilk şəhidi Mahsun Bağırzadənin xatirə guşəsinin önünə gül dəstələri düzüblər.

Sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Mehman Qaraxan oğlu Əliyev bildirib ki, Xocalı faciəsi hər il ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən də xalqımızın qəhrəmanlıq mübarizəsinin bir səhifəsi kimi qeyd edilir. Bu faciəyə ilk dəfə Ümummilli Lider Heydər Əliyev hüquqi-siyasi qiymət verib. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.

Elmi seminarda qonaq qismində iştirak edən Sosial Xidmətlər Agentliyi Lənkəran-Astara Regional filialının müdiri Ramin Hüccətov çıxışında deyib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu qanlı hadisəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımın təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər yerinə yetirməkdədir. Xocalı şəhidlərinin ailə üzvlərinin sosial təminatı dövlətimizin daim diqqət mərkəzindədir.

Sonra Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin əməkdaşları Ağamir Cavad “Xocalı faciəsi Cənub bölgəsi şairlərinin yaradıcılığında”, Səfail Qurbanov “Xocalı faciəsi: region yazarlarının bədii, elmi-publisistik mətnləri kontekstində”, Tarix, arxeologiya və etnologiya şöbəsinin əməkdaşları İltifat Əhmədov “Uşaq qatili Zori Balayanın etirafı” və aparıcı elmi işçi tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərovun “XX əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və Xocalı faciəsi”  haqqında məruzələri dinlənilib.

Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutmuşdur. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla, ümumilikdə 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklərlə qətlə yetirilmiş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 150 nəfərin taleyi indiyədək məlum deyildir.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Milli Ordumuzun rəşadəti sayəsində tarixi ədalət bərpa olundu, Qarabağ, Şuşa, Xocalı və Şərqi Zəngəzur əsl sahiblərinə qaytarıldı. Bir neçə gün bundan əvvəl ölkə başçısı Qarabağa növbəti səfəri çərçivəsində Xocalıda oldu və Ballıca kəndində sakinlərlə səmimi görüşlər keçirdi.

Elmi seminarda Xocalı faciəsini öz şeirlərində, hekayələrində, bədii, elmi-publisistik əsərlərində qələmə alan Cənub bölgəsi yazarlarının yaradıcılığından geniş bəhs edilib, ayrı-ayrı nümunələr təhlil olunub.

Sonda vurğulanıb ki, artıq beş ildir üçrəngli, ay-ulduzlu Bayrağımız Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda əzəmətlə dalğalanır. Dünya durduqca, Azərbaycan var olduqca, bu Bayraq həmişə dalğalanacaq, bir daha enməz!..

Məruzələr ətrafında müzakirələrdə Herontologiya şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova, Lənkəran Dövlət Universiteti İqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi Tale İbrahimov və başqaları mülahizələrini bölüşüblər.

Maraqlı diskussiya şəraitində keçən elmi seminarı yekunlaşdıran mərkəzin direktoru Mehman Əliyev qonaqlara və iştirakçıların hər birinə minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: